AZ EN RU

Naxçıvanda “Əqlin məhdudiyyətsiz imkanlarının məşqi” filminin növbəti mövsümü

    Gənc nəslin fiziki cəhətdən sağlam və güclü olması, zərərli vərdişlərin qarşısının alınması, beynəlxalq arenada Azərbaycan idmanının nüfuzunun yüksəldilməsi hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Uşaq və yeniyetmələrin idmana cəlb olunmasına, fiziki-mənəvi inkişafında mühüm rol oynayacaq sağlamlığının təmin edilməsinə, onların cəmiyyətə sağlam fərd kimi inteqrasiya olunmasına böyük önəm verilir. Xüsusilə bu hər şeyə müxtəlif perspektivlərdən baxmağa qadir olan zəka oyunlarında özünü daha çox büruzə verir. Müasir idmanda şahmatın bir qədər özünün ağırlığını göstərməsi isə diqqətdən yayınmır. “Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”, – deyən ümummilli lider Heydər Əliyev şahmatı fikri cəmləşdirmə, tənqidi, mücərrəd düşüncə, problem həlletmə, təsvirin tanınması, strateji planlama, yaradıcılıq, təhlil və qiymətləndirmə kimi əqli bacarıqları inkişaf etdirən idman növü kimi səciyyələndirirdi.

    Məhz bu istiqamətdən yanaşılan şahmatın Naxçıvan Muxtar Respublikasında bu gün böyük infrastrukturu yaradılıb, inkişaf strategiyası müəyyənləşdirilib, bu növün inkişafı dövlət səviyyəsinə qaldırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda da bu öz əksini tapıb. Muxtar diyarımızda bu növün daha geniş vüsət alması 2018-ci ilə təsadüf edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının konfransında Seymur Talıbovun quruma yeni sədr seçilməsi şahmata muxtar respublikada marağı artırıb, yeni gənc istedadların axtarışı yönümündə böyük işlər görülüb. 2019-cu ildən başlayaraq isə federasiya sədrinin təşəbbüsü ilə mükafat fondunun təsis edilməsi şahmatçılar və məşqçi-müəllimlərin bu idman növünə marağını və rəqabətlik hissini daha da artırıb. Orta məktəblərdə də tədris olunan şahmat dərslərinin yüksək səviyyədə təşkil olunması, onlayn vasitəsilə məktəblilərə təcrübəli müəllimlər tərəfindən ustad dərslərinin keçilməsi, hər ay müəllimlər üçün onlayn seminarlar təşkil edilməsi Naxçıvanda bu növün hansı səviyyədə olmasının göstəricisidir. 

    Bu növün inkişafı üçün respublikamızda lazımi tədbirlər görülür, gələcəyin sağlam vətəndaşları yetişdirilir. Şahmatın inkişafının səmərəliliyini təmin etmək üçün 2002-ci ildən etibarən muxtar diyarımızda Şahmat Mərkəzi və 7 rayon məktəbi tikilərək istifadəyə verilib. Bu məktəblərdə  istedadlı, perspektivli gənc zəka sahiblərinin aşkar edilməsindən ötrü elmi şəkildə əsaslandırılmış dərs vəsaitləri işlənib hazırlanıb. Bu illər ərzində Şahmat Mərkəzi və məktəblərinin 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri, ümumtəhsil məktəblərində şahmat siniflərinin 490 ədəd ayaqlı, 500 ədəd asma və 3910 stolüstü şahmat dəsti ilə təchiz olunması göstərilən qayğının bariz nümunəsidir.

    Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə şahmatı tədris edən və uğurlu nəticə göstərən 500-dən çox müəllimə sertifikat verilib ki, onlar tərəfindən ümumtəhsil məktəblərində 5972 saat şahmat dərsi tədris edilir. Federasiya tərəfindən müəllimlərə yaxın köməkçi olan “Pillə-pillə”, “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun”, “Naxçıvan şahmat diyarıdır”, “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər” kitabları hazırlanaraq ümumtəhsil məktəblərinə şahmat fənninin yüksək səviyyədə tədris olunması üçün verilib.

    Geridə qoyduğumuz ildə Uşaq-gənclər şahmat məktəbləri tərəfindən federasiya ilə birlikdə 132 məktəbdaxili, 73 məktəblilərarası, 76 tempo, 93 rayon birinciliyi, 18 muxtar respublika birinciliyi, 20 Azərbaycanın rayonları arasında, 12 Türkiyə və Pakistan şahmatçıları arasında onlayn yoldaşlıq görüşü, 2 beynəlxalq yarış olmaqla, ümumilikdə, 426 yarış təşkil edilib. Ötən ilin ən yaddaqalan hadisəsi isə federasiya tərəfindən ilk dəfə “Naxçıvan Premium Turniri”nin keçirilməsi oldu. Premium turnirdən sonra may ayında kişilər və qadınlar arasında Azərbaycan çempionatı ilk dəfə Bakı şəhərindən kənarda, Naxçıvan şəhərində keçirildi. Buna səbəb isə Premium turnirin bütün Azərbaycanda yüksək maraqla qarşılanması oldu. Azərbaycan çempionatında 3 zəka sahibimiz mübarizə apardı.  İl ərzində şahmatçılarımız 4 xarici ölkədə – Serbiya, Rumıniya, Rusiya və Türkiyədə olan beynəlxalq yarışlarda iştirak edib, ümumilikdə, beynəlxalq turnirlərdən 8 medal qazanıblar. 2021-ci il ərzində federasiya üzvlərindən Röya Cəlilova FIDE hakimi, Pərviz Qasımov beynəlxalq usta, Nəsrin Babayeva isə FIDE ustası tituluna sahib olub. Bununla da, federasiyada titullu üzvlərin sayı 8-ə çatıb. Şahmatçı Nazlı Hümbətovanın adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə “Gənc istedadların qızıl kitabı”na yazılaraq xüsusi aylıq təqaüdə layiq görülüb ki, bu da xüsusi mükafata layiq görülən 4-cü zəka sahibidir. Hazırda Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə, ümumilikdə, 233 qrup üzrə 3106 uşaq, yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
     Ümumiyyətlə, Şahmat Federasiyası bu növün kütləviliyi üçün müəyyən tezislər tərtib edib ki, bu da uşaq və yeniyetmələrin şahmata maraq göstərməsinə səbəb olub. Əlbəttə, federasiyanın başlıça məqsədi:
    - Naxçıvanda uşaq, yeniyetmə və gənc­lərinin şahmata olan marağını artırmaq;
    - uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsinə yardımçı olmaq;
    - uşaq, yeniyetmə və gənclərimizi müntəzəm olaraq şahmatla məşğul olmağa cəlb etmək;
    - istedadlı şahmatçıları üzə çıxarmaq və onlarla fərdi olaraq məşğul olmaq;
    - istedadlı uşaq, yeniyetmə və gənc şahmatçıların iri miqyaslı yarışlarda, beynəlxalq turnirlərdə iştirakını təmin etmək;
    - titullu şahmatçıların sayını artırmaq.

    Naxçıvanda keçirilən beynəlxalq və ölkədaxili yarışlarda, turnirlərdə iştirak edən şahmatçılar, nümayəndə heyətləri hər zaman təşkilatçılığı ön plana çəkərək muxtar respublikanı şahmat dünyası üçün nümunə göstərirlər. Təbii ki, bütün bunlar diyarımızda olan sabitlikdən, qonaqpərvərlikdən, idmana göstərilən diqqət və qayğıdan qaynaqlanır. Bu gün start veriləcək kişilər arasında növbəti Azərbaycan çempionatına Naxçıvanın yenidən “ev sahibliyi” etməsi deyilənlərin əyani sübutudur.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 03.02.2022 20:25