AZ EN RU

Naxçıvanda ənənəvi məktəbli yarmarkalarına start verilib

    Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 1-də – yeni tədris ili ərəfəsində Naxçıvan şəhərindəki Mərkəzi Bazarda ənənəvi məktəbli yarmarkasının açılışı olub.

    Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq qeyd edib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil sahəsi də Ali Məclis Sədrinin hərtərəfli qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, həyata keçirilən ardıcıl tədbirlər sayəsində hər ötən tədris ili yeni uğurlarla yadda qalır. Yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və sərfəli qiymətə təmin etmək məqsədilə Mərkəzi Bazarda təşkil edilən məktəbli yarmarkası da təhsilin inkişafına dövlət qayğısının növbəti təzahürüdür. 

    Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayon mərkəzlərində təşkil olunan məktəbli yarmarkaları müəllim və şagirdlərin lazımi məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynayır. Qeyd olunub ki, hazırda muxtar respublikamızda məktəbli geyimləri, köynək, ayaqqabı istehsal edən yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin geyim formalarına olan tələbat diyarımızda mövcud olan tikiş müəssisələrinin, o cümlədən “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi yüksəkkeyfiyyətli məhsullar hesabına ödənilir. 22 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada 50 adda dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Muxtar respublikada təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, normal tədris şəraitinin yaradılması, bir sözlə, təhsilin inkişafı üçün atılan bütün addımlar şagirdlərin yüksək səviyyəli təhsil almasına geniş imkanlar açır. Bildirilib ki, ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan kompüter və elektron lövhələrin quraşdırılması, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələrinin yaradılması muxtar respublikamızda təhsil alan gənclərimizin intellektual potensialının yüksəlməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə öz töhfəsini verir. Ali Məclis Sədrinin təşəbbüs və rəhbərliyi ilə şagirdlərin təhsil sahəsində daha aktiv, məhsuldar, tənqidi düşünməyi bacaran, bildiklərini ortaq bir istiqamətə yönəldən, təhsilin yeni istiqaməti sayılan STEAM təhsil metodunun muxtar respublikamızın bütün ümumtəhsil məktəblərində, təhsil ocaqlarında yaradılması zəruri hala çevrilib. Bununla belə hazırda 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. 2022-2023-cü tədris ilindən isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Distant Təhsil Mərkəzi, 8 nömrəli uşaq bağçası-körpələr evi və STEAM Təlim-Tədris Mərkəzi Təhsil Nazir­liyinin şəbəkəsinə qoşulacaq. 
    Rəhman Məmmədov vurğulayıb ki, növbəti yarmarkada dərs ləvazimatları, muxtar respublikada istehsal olunmuş məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif edilir. Sevindirici haldır ki, muxtar respublikada məktəbli geyimlərinə tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. 
    Sonra yarmarkaya baxış olub. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb. Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər. 
    Qeyd edək ki, məktəbli yarmarkaları sentyabrın 14-dək davam edəcək.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 01.09.2022 19:59