AZ EN RU

Naxçıvanda ənənəvi “Kətə” festivalı keçirilir - FOTOLAR

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində bu gün növbəti “Kətə” festivalına start verilib. Festival iki gün davam edəcək.
Festivala muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 230-a yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri qatılıb.
Burada muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunur. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyir, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər. Festivalda Naxçıvan mətbəxinin yaz fəslinə aid digər nümunələrindən - şomu, çiriş, gicitkən, qazayağı, quzuqulağı, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan yeməklər bişirilir. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatır.
Festivalda muxtar respublikanın sakinləri, ölkəmizin digər bölgələrindən gələn turistlərlə yanaşı, əcnəbi qonaqlar da iştirak edirlər.

Nəşr edilib : 16.04.2022 15:29