AZ EN RU

Naxçıvanda əllə xalçatoxuma ənənəsi qadınlarımız tərəfindən yaşadılır

    Ölkəmizdə xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq sənətinin kökü çox qədimlərə gedib çıxır. İstər təsərrüfat şəraiti, istərsə də təbii şərait burada xalçaçılığın inkişafına əlverişli imkanlar yaradıb, ta qədim zamanlardan toxunan xalçalar xalqımızın dünyagörüşünü, mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə yaşadıb. Azərbaycan xalçaçılıq sənəti tarixində özünəməxsus yeri və rolu olan Naxçıvan xalçaçılıq məktəbi də ənənəvi naxış və elementləri, zəngin rəng çalarları, orijinal kompozisiyaları ilə həmişə seçilib. Naxçıvan xalçaları, əsasən, Şahbuz, Şərur, habelə Culfa və Ordubadda toxunub. Tarixi mənbələrə istinadən deyə bilərik ki, hələ IX-X əsrlərdə öz xalça və zililəri ilə məşhur olan Naxçıvan XVI əsrdə xalçaçılığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsinə çatmış, burada toxunulan zərif və qəşəng xalçalar Yaxın Şərq və Avropa ölkələrində də yüksək qiymətləndirilmişdir.

    Bu gün də muxtar respublikamızda xalçaçılıq sənətinin qorunub yaşadılması, inkişafı diqqət mərkəzində saxlanılır. Göstərilən dövlət qayğısı bu işdə mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunması və inkişafı, yeni elmi araşdırmaların aparılması üçün əsas olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali         Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” isə muxtar respublikada xalçaçılıq sahəsində maddi-mədəni irsin qorunması və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Diyarımızda ötən il mayın 10-da Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılması, ölkə başçısının 2018-ci ilin 15 fevralında imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Naxçıvan Xalça İstehsalı Emalatxanası, Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsinin fəaliyyətə başlaması, bu sahədə peşə təhsilinin dəstəklənməsi, əllə toxunmuş xalçaların reyestri sisteminin yaradılması, aparılan tədqiqatlar zamanı əldə edilən məlumatlar, yeni elmi nəşrlərin hazırlanması və digər tədbirlər xalça sənətinin yaşadılması və inkişafına təkan vermişdir. 
    2010-cu ildən yeni binada fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi milli-mənəvi dəyərlərimizi özündə yaşadan Naxçıvan xalçalarının mühafizə edilməsində və bunların təbliğində mühüm rol oynayır. Muzeydən aldığımız məlumata görə, hazırda burada 3000-dən çox eksponat qorunub saxlanılır. Ziyarətçilərin daxil olduğu zalda isə 400-ə yaxın eksponat nümayiş etdirilir. Zalda nümayiş olunan eksponatlara xovlu-xovsuz xalçalar, məişət əşyaları, toxuculuq zamanı istifadə edilən alətlər aiddir. Ekspozisiyada ornamentli xalçalarla yanaşı, süjetli xalçalar da göz oxşayır. Bunlar içərisində xüsusilə seçilənləri isə ulu öndərimiz Heydər Əliyevə həsr edilən portret xalça, Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsinin əks olunduğu xalçadır. Muzeydə xalçaların toxunma tarixlərinə nəzər salsaq, 1800-cü ildən başlamış 2013-cü ilə qədər toxunan xalçaları görərik. Ötən il muzeyi 1900 nəfər əcnəbi qonaq ziyarət edib, bu qiymətli sənət nümunələrimiz onlarda böyük maraq doğurub. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda peşəkar xalçaçılarımız tərəfindən bu sənət yaşadılır. Bu mövzuda  Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçıları ilə həmsöhbət oluruq. Rübabə Əliyeva 1984-cü ildə Babək rayonunun Vayxır kəndində anadan olub. 9 ildir ki, Xalça Muzeyində tərtibatçı rəssam kimi fəaliyyət göstərir. Müsahibim deyir ki, 15 yaşından xalça toxuyur: – Kənddəki qonşumuz çox gözəl xalçalar toxuyurdu, mənə də öyrətdi. Sonra bu gün burada birgə çalışdığım Gülsüm xanım məni Naxçıvan şəhərinə gətirdi, bir müddət Naxçıvan Biznes Mərkəzində fəaliyyət göstərən Xalq Yaradıcılığı Emalatxanasında işlədim. Burada daha çox süjetli xalça toxuyuram. Qeyd edim ki, Azərbaycanda süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və zəngin ənənəyə malikdir. Əvvəllər rəssamlar xalçalar üzərində müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar yaradırdılar. Bu xalçalar, bir qayda olaraq, şəkil kimi divardan asılmaqdan ötrü toxunur, onların toxunmasında yüksəkkeyfiyyətli yundan və zərif iplikdən istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov Naxçıvanda toxunan süjetli xalçaların əsas xüsusiyyəti idi. Xalçaların naxış-kompozisiyasında yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tuturdu. İndi mənim hazırladığım süjetli xalçalar üzərində Naxçıvan gözəli, Tıq-tıq xanım, dəvə karvanı, buta və sair yer alır.
    Xalçanın toxunma üsulundan danışan müsahibim deyir ki, toxuma prosesi arğac ipinin əriş taylarının arasından keçirilməsi ilə başlanır, arğac ipi əriş taylarının arasından hissə-hissə, sağdan sola və əksinə olmaqla keçirildikcə kirkid vasitəsilə döyəclənib aşağı yatızdırılır. İlməni döyəcləyib bərkitmək məqsədilə xüsusi küjü (gücü) ipi işlənir, xovların ucu ilmə qayçısı ilə müvafiq uzunluqda xov saxlanılmaqla kəsilib bərabərləşdirilir. Xalçaların toxunuşu zamanı vurulan ilmələr (düyünlər), əsasən, simmetrik (türkbaf) və assimmetrik (farsbaf) adlanır. Simmetrik ilmə toxunuşu qüllabi ilməyə (düyünə) müasir xalça elmində verilən addır. Xalçaya axırıncı ilmələr vurulub toxuma işi yekunlaşdıqdan sonra xalçanı kəsmək üçün hazırlıq işləri aparılır. Sonra qayçı vasitəsilə əriş ipliklər kəsilir, hərdən bir arğac ipliklərin sökülməməsi üçün kəsilmiş ərişlər düyünlənir. Xalça kəsildikdən sonra üzərindəki toz və ip qırıntıları təmizlənir. İndiyədək 50-yə yaxın böyükölçülü, eləcə də 50-dən çox kiçikölçülü xalça toxumuşam. Bu gün muxtar respublikamızda bu sənətin öyrənilməsi, yaşadılması üçün hər cür şərait mövcuddur. Toxuduğumuz xalçaları burada keçirilən sərgi-satış yarmarkalarında, festivallarda nümayiş etdirir, satışına nail oluruq. Onu da deyim ki, mənim əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Buna görə dövlətimizə minnətdaram. 
    Gülsüm Kəngərli də uzun illərdir, bu sənət sahəsini yaşadanlardandır, xalçanın ustasıdır deyərdim. 50-dən çox yaşı olan bu xanım 9 yaşından xalça toxuyur. Müsahibimin dediklərindən: – Doğulub böyüdüyüm Vayxır kəndində bütün qışboyu, demək olar ki, hər evdə müxtəlif xalçalar toxunardı. Kəndimizdə Gülsüm nənənin 100-dən çox yaşı var idi, ancaq xalça toxumağından qalmırdı. Mən də bu sənət sahəsinin içərisində böyümüşəm. Böyük bacım, əl əməyi, göz nuru olan xalçalar toxuyur, onun işinə olan sevgisi məni də xalça toxumağı öyrənməyə həvəsləndirirdi. O vaxt qış sərt keçdiyi üçün pambıq iplərlə sıx, seyrək xalçalar toxunurdu. İndi toxunan xalçalardan bir də fərqi onda idi ki, xalçalar üzərində eskiz olmurdu. Bir qohumun, qonşunun evinə gedəndə orada toxunan xalçaya baxır, qeydlərimizi edir, eyni xalçanı evdə toxuyurduq. Ovaxtkı xalçalar üzərində müxtəlif gül rəsmləri, nəbati ornamentlər, naxış elementlərindən istifadə olunurdu. Məsələn, göl geniş yayılan naxış elementlərindən biri idi. Xalça sənətində gölü “medalyon”, “xonça” da adlandırırlar. Üç gölə qədər olan xalçalar kiçikölçülü (bunlara “gölçə” də deyilir), dörddən çox olanlar isə böyükölçülü xalçalardır. O vaxtlar – 70-90-cı illərdə xalça kəsiləndə atamız-babamız xalça üzərinə pul qoyardı ki, bolluq, şirinlik olsun. Özü də həmin vaxt xalçanın kəsimini qonum-qonşu yığışıb bir yerdə edirdik. Və yaxud bir kənddə oğlan və qız doğulanda onların şərəfinə ayrı-ayrı naxışlı xalçalar toxunardı. Muxtar respublikada hər bir bölgədə xalçatoxuma ənənələri mövcud idi. Şahbuz soyuq yer olduğu üçün xalçanın xovunu az vururdular ki, xalça qalın olsun, Babək rayonu da eynilə. Düzən yerlərdə isə əksinə idi. Toxunan xalçalar xovlu və xovsuz olmaqla ikiyə ayrılırdı. Xovluya xalça, xalı, gəbə və sair, xovsuza isə palaz, kilim, cecim, zili, şəddə və sair daxil idi. Bu xalçalar naxışlarının incəliyi, rəng­lərinin zənginliyi ilə seçilirdi. Xalça toxunması zamanı iplərin boyanması əsas işlərdən biri idi. O vaxt müxtəlif bitkilərin yarpaq, çiçək, meyvə, qabıq və digər hissələrindən sənətkarlıqla boyaq məhsulları hazırlayıb yun, ipək və pambıq ipliklərin boyanmasında istifadə edirdilər. Bu bitkilərə boyaqotu, sarıçiçək, yabanı çiçəklər, ayı çaşırı və digərlərini misal göstərə bilərəm. Son vaxtlarda kimyəvi rəng­lərdən daha çox istifadə olunur. Bir müddət mən də  evdə ip boyayırdım. Bu iplər də öz möhkəmliyi, rəng müxtəlifliyi ilə seçilirdi. Lakin vaxt keçib hər şey inkişaf etdikcə biz də bu işdə yeni üsullar axtarıb tapmağa çalışırdıq. 1990-cı ildə Vayxır kəndində xalçaçılıq sexi açıldı. Üç-dörd il orada usta kimi fəaliyyət göstərdim. Ondan sonra kəndimizdə, eləcə də Naxçıvanda xalçaçılıq sexləri fəaliyyət göstərməyə başladı. 1999-cu ildə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru, mərhum sənətkarımız Arif Qədimov bu sənətdəki qabiliyyətimi görüb, məni Naxçıvana gətirdi. 1999-cu ilin oktyabr ayında Xan sarayında (o vaxt Xalça Muzeyi həmin sarayda fəaliyyət göstərirdi) toxuduğum xalçalar ilk dəfə orada təşkil edilən sərgidə nümayiş olundu. Ümummilli liderimiz Heydər Əliyev də həmin tədbirdə iştirak edirdi. Ulu öndər naxçıvanlı qadınların əl işlərini çox bəyəndi. O gündən sonra məni Naxçıvan Dövlət Xalça Muzeyinə işə dəvət etdilər. 2000-ci ildən burada çalışıram. Eyni zamanda Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərə xalçaçılığın sirlərini öyrədirəm. İndi bir çox ölkələrdə xalçalar maşında toxunur. Sevindiricidir ki, Naxçıvanda əllə xalçatoxuma ənənəsi yaşadılır və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsinə də cəlb edilmişəm. Muxtar respublikanın kəndlərinə gedir, bu sənətlə həvəskar və ya peşəkar məşğul olan xanımlarımızla görüşürük. Bu layihə əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin yaşadılmasında, xalça çeşnilərinin bərpa və inkişaf etdirilməsində mühüm rol oynayır. Həmişə deyirəm ki, qadınlarımıza hər hansı bir sənət sahəsini öyrənmək mütləq lazımdır. Həm o sənəti yaşatmaq, həm də ki məşğulluqlarını təmin etmək baxımından bu, çox vacibdir. Xalçaçılıq sənəti ilə məşğul olmaq üçün həvəs və çalışqanlıqla yanaşı, iradə, cəsarət də lazımdır ki, sona qədər işi apara biləsən. Xalça toxuyanda vurduğum ilmələrin səsi bir musiqi melodiyası kimi ruhumu təzələyir, mənə mənəvi qida olur. 
    Müsahibim deyir ki, muxtar respublika rəhbəri hər bir sənət sahəsi kimi xalçaçılığın da inkişafını daim diqqət mərkəzində saxlayır: – Diyarımızda sənətə, sənətkarlara dəyər verilir, xalçaçılarımızın əməyi yüksək qiymətləndirilir. Xalçaçılıq sahəsindəki fəaliyyətimə görə 2015-ci ildə “Rəşadətli əməyə görə” nişanı, 2017-ci ildə ölkə başçısının müvafiq Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişəm. Bu bizə fəaliyyətimizi davam etdirməyə əlavə stimul verir. 
    Gəlinən qənaət isə odur ki, muxtar respublikamızda xalçaçılığın yaşadılması, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərə milli-mədəni dəyərlərimizə ən böyük diqqət və ehtiramın ifadəsidir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.05.2022 19:12