AZ EN RU

Naxçıvanda ədliyyə orqanlarının yaranmasının 105 illiyi qeyd olunub

Noyabrın 22-də Azərbaycanda Ədliyyə orqanlarının yaranmasının 105-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ədliyyə strukturunun təkmilləşdirilməsi işində böyük xidmətlər göstərən dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində davam edən tədbirdə nazirliyin inzibati binasının foyesində yeni yaradılan Ümummilli Liderimiz Heydər Əliyevin büstü önünə gül çələngi qoyulub, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Hüseyn Səfərov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, 105 yaşını qeyd edən nazirliyin keşməkeşli tarixinə nəzər salıb. Nazir müavini Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətnin hər iki dövründə ədliyyə sisteminin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü – 22 noyabr tarixini ədliyyə işçiləri həmin günü daim böyük fəxr və qürur hissi ilə qeyd edirlər. Hüseyn Səfərov ölkə başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinə verdiyi önəm və əhəmiyyətə diqqət çəkərək ilk dəfə 2006-cı ildə Ədliyyə Nazirliyinə hüquq-mühafizə statusunun verilməsinin ədliyyə tarixində mühüm addım olduğunu qeyd edib, dövlətimizin rəhbərinin bu sahədə həyata keçirdiyi digər tədbirlərdən söhbət açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bektaşi peşə bayramı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycanda ədliyyə sahəsi 1918-ci ildən etibarən çox keşməkeşli yollar keçib, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə isə özünün yeni təkmilləşmə, inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin qərar və fərmanları ilə bu sahənin strukturu dövrün tələblərindən irəli gələn şəkildə yenidən formalaşdırılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında qeyd edib ki, bu gün Naxçıvan özünün yeni inkişaf mərhələsini yaşayır. Bu prosesdə hər kəsin üzərinə ciddi məsuliyyət və vəzifələr düşür. Vurğulanıb ki, Ulu Öndərin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də struktur islahatları aparılıb, ədliyyə orqanlarının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib. Naxçıvanda da ədliyyə orqanlarının formalaşdırılması işində Ulu Öndərin böyük rolu olub, dahi şəxsiyyətin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə əlavə səlahiyyətlər verilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli Naxçıvanda ədliyyə sahəsində islahatların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb, əməkdaşların peşə bayramını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə qeyd olunub ki, ölkə Prezidentinin 2023-cü il 21 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Xəyal Eyvazov əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışacağını vurğulayıb.

Sonra 22 noyabr–ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə qulluqda fərqlənən 5 əməkdaşa vaxtından əvvəl rütbə, 3 əməkdaşa fəxri fərman  verilib və 7 əməkdaşa təşəkkür elan edilib.

Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının foyesində yaradılan guşələrlə tanış olublar.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.11.2023 16:35