AZ EN RU

Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin roluna və speleoterapiyaya həsr olunan respublika konfransı keçirilib

    Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin rolu və speleoterapiya” adlı respublika konfransı keçirilib.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “AzəriMed” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. 
    Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqdan sonra “Duzdağ” otelinin konfrans zalında baş tutan tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anıblar.
    Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov qonaqları salamlayaraq qeyd edib ki, əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilib, bu sahənin qanunvericilik bazası təkmilləşdirilib, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilib. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü Naxçıvan səhiyyəsinin inkişaf mərhələsi kimi səciyyələnir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində insanların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. 
    Bildirilib ki, Azərbaycanın qədim diyarı olan Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü Duzdağ Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. 
    Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial-astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır. 
    Buradakı müasir infrastruktur, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün yaradılan şəraitdən xəbər verir. Mərkəzdə 2 həkim, 19 orta, 25 kiçik tibb və xidmət işçisi  qəbul olunan xəstələrə günboyu xidmət göstərir. 
    Samiq Sadıxov vurğulayıb ki, son vaxtlar dünyada ağciyər xəstəliklərindən ölüm hallarının sayı artmaqdadır və bu xəstəliklərlə mübarizə bütün səhiyyə təşkilatlarının diqqətindədir. Bugünkü konfransı keçirməkdə məqsəd ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxial-astma, allergik rinitlər, vərəmin və digər bu kimi xəstəliklərin müalicə yollarını müzakirə etmək, həmçinin Duzdağın möcüzəvi müalicəvi potensialını tanıtmaqdır. Konfransın keçirilməsinin həm də təcrübə mübadiləsi baxımından Naxçıvan pulmonoloq və allerqoloqları üçün mühüm hadisə olduğunu vurğulayan Samiq Sadıxov konfransın işinə uğurlar arzulayıb.
    Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, bu diyarın yerləşdiyi coğrafi mövqeyi, rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Bu baxımdan təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. 
    Daha sonra çıxış edən “AzəriMed” QSC-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Tehran Əsgərli Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və buradakı təbii müalicənin effektiv nəticələri barədə iştirakçılara geniş məlumat verib. Qeyd edilib ki, burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Hər il dünyanın bir çox yerlərindən tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən minlərlə insan buraya gələrək şəfa tapır.
    Sonra konfrans elmi hissə ilə işini davam etdirib. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva allerqik xəstəliklərin protokol terapiyası, M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının uşaq allerqoloq və immunoloqu, uzman doktor Röyalə Babayeva “Uşaqlardakı allerqik xəstəliklərə speleoterapiyanın təsirləri” və Naxçıvan Muxtar Respublika Xəstəxanasının Pulmonologiya bölməsinin müdiri, həkim-pulmonoloq Dilarə Abdullayeva “Bronxial-astmanın müalicəsində müasir yanaşmalar” mövzularında çıxış edərək konfrans iştirakçılarına ətraflı məlumat veriblər.
    Konfransda bilik və təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb.
    Konfransdan sonra qonaqların fikirlərini öyrəndik. 
    Röyalə BABAYEVA – M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının uşaq allerqoloq və immunoloqu: “İlk olaraq konfransa dəvətə görə təşəkkürümü bildirirəm. Uzun müddətdir, Duzdağ ilə bağlı xəstələrin verdiyi suallar var idi. Onları daha çox uşaqlarda olan astma-bronxit xəstəliklərinin nəticələri maraqlandırırdı. Burada xəstəxana ilə tanışlıqda, xəstələrlə görüşdükdə, onlarla söhbət apardıqda bunun nəticəsini gördük. Özüm də araşdırdıqda, həqiqətən, gördüm ki, xroniki ağciyər xəstəlikləri olan uşaqlarda və böyüklərdə sağlamlığa doğru müsbət dəyişikliklər olub, ağciyərin funksiyalarında irəliləyişlər müşahidə edilir. Bundan sonra da bu araşdırmanı davam etməyi düşünürük. Daha çox bunu Duzdağ müalicəsindən öncəsi və sonrasını qarşılaşdırmaq yolu ilə aparmaq istəyirik. Buna görə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə daim birlikdə çalışacağıq”.
    Tehran ƏSGƏRLİ – “AzeriMed” QSC-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi: “Ötən ilin sonlarından Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstəririk. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında muxtar respublikanı tibbi ləvazimat və dərmanlarla təmin edirik. Düşünürəm ki, bu konfrans hər kəs üçün faydalı oldu. Bundan sonra belə konfransların tez-tez keçiriləcəyinə, Naxçıvanın imkanlarının daha geniş şəkildə təbliğ olunacağına inanıram”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.07.2023 16:48