AZ EN RU

“Naxçıvanda dövlət-özəl tərəfdaşlığına həsr edilmiş “Sahibkarlara Dəstək Konfransı” keçirilib

Mikro  və kiçik sahibkarların dəstəkçisi olan AccessBankın geniş tərkibdə Naxçıvana səfəri baş tutub. Bu səfər çərçivəsində  8 may tarixində  Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda dövlət-özəl tərəfdaşlığına həsr edilmiş  “Sahibkarlara Dəstək Konfransı” keçirilib. 
Məqsəd kiçik və orta bizneslə məşğul olan şəxsləri güzəştli kredit şərtlərindən yararlanmağa təşviq etmək, yeniliklər haqda məlumat verməkdir.
Daha sonra konfrans Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılovun çıxışı ilə açıq elan olunub. Sahibkarlar üçün Naxçıvanda yaradılan yeni imkanlardan danışan nazir müavini bildirib ki, 2024-cü ilin ilk 4 ayında Naxçıvanda yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıb. 
Nazir müavini qeyd edib ki, Naxçıvanda hazırda iqtisadi aktivlik sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur, ƏDV ödəyicilərinin sayı 2024-cü ilin yanvar-aprel ayları ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artıb, 1 may 2024-cü il tarixə quraşdırılan kassa aparatlarının sayı ilin əvvəli ilə müqayisədə isə 20,4 faiz çoxdur. 
“İqtisadi inkişafa və şəffaflığa xidmət edən nağdsız ödənişlər 2023-cü ildə 617,6 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 3 dəfə çox, bu tendensiya 2024-cü ilin 3 ayında da davam edərək 216,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur” - deyə Abbas İsmayılov vurğulayıb.
Qeyd olunub ki, ötən il Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumilikdə, sahibkarların 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,4 milyon manat güzəştli kredit ayrılıb. 
Abbas İsmayılov 1 aprel 2024-cü il tarixədək Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatları vasitəsilə Naxçıvanda verdiyi kreditlərin 39,7 faizini “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin maliyyələşdirdirdiyi layihələrin təşkil etdiyini diqqətə çatdıraraq Accessbankı Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq etməyə dəvət edib.

Nəşr edilib : 08.05.2024 15:27