AZ EN RU

Naxçıvanda doqquz ayda 8 minə yaxın daşınmaz əmlak obyektinin qeydiyyatı aparılıb

Muxtar respublika üzrə yanvar-sentyabr ayları ərzində 7 min 994 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,7 faiz çoxdur. Ümumi göstəricinin 2 min 737-si ilkin, 5 min 257-si isə təkrar qeydiyyatdır.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib ki, ötən 9 ayda dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 3 min 131-i fərdi yaşayış evi, 2 min 888-i torpaq sahəsi, 1421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Əmlakların 3 min 620-si və ya 45,2 faizi Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Hesabat dövründə 2 min 612 əmlaka dair texniki pasport hazırlanıb, 3 min 347 torpaq sahəsinin planı-ölçüsü tərtib olunub. Beləliklə, ümumilikdə 5 min 959 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki göstəricidən 51,7 faiz çoxdur.

Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 min 219 arayış verilib, 3 min 398 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilib. Bu dövr ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 834-ə çatıb.

42 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Nəşr edilib : 16.10.2023 15:48