AZ EN RU

Naxçıvanda doğum günü yanvar ayında olan şəhidlərin xatirəsi anılıb

    Yanvarın 23-də “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə yanvar ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.
    Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin, eləcə də tələbə-gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
    Naxçıvan televiziyasının bu mövzuda hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən 49 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretlərini təqdim edib.
    “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov ötən əsrin 90-cı illərində çətin blokada şəraitinə və düşmən hücumlarına sinə gərən Naxçıvanın igid övladlarının qəhrəmanlıqlarından söz açıb, şəhid və qazilərimizin şərəfli ömür və döyüş yolunun hər bir gənc üçün əsl vətənpərvərlik örnəyi olduğunu bildirib.
    Şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov şəhid ailələri adından çıxış edərək tədbiri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
    “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy çıxış edib, şəhidlərimizə həsr olunan şeir səsləndirib.
    Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri şəhidlərin əziz xatirəsinə həsr olunmuş kompozisiya təqdim ediblər. 

“Şərq qapısı”

Nəşr edilib : 23.01.2024 18:16