AZ EN RU

Naxçıvanda doğum günü may ayında olan şəhidlərin xatirəsi anılıb

Mayın 29-da Naxçıvanda doğum günü may ayında olan şəhidlərin anım tədbiri keçirilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və tələbə-gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan televiziyasının doğum günü may ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən 39 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında may ayının Azərbaycan üçün əlamətdar hadisələrlə yaddaqlan olduğunu bildirib. Ümummilli Liderimizin doğum gününün və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının müstəqil Azərbaycanın şanlı tarixinin mühüm səhifələri olduğunu qeyd edən səlahiyyətli nümayəndə şəhidlərimizin doğum günlərini də xalqımızın daim xatırlayacağı önəmli tarix kimi dəyərləndirib. Qeyd edib ki, belə qəhrəman övladlarımızın şücaəti sayəsində 30 ildən artıq Qarabağ həsrəti sona çatıb, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Ermənistan artıq regiondakı reallıqlarla barışmalı, revanşizm xülyalarından əl çəkməlidir. Əks halda “dəmir yumruğu” yenidən başının üzərində görəcək.

Fuad Nəcəfli Prezident İlham Əliyevin ordu quruculuğu və regionda sabitliyin bərqərar olması yönündə uğurlu siyasətini fəxarət hissi ilə diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını belə kimsəyə vermək niyyətində deyil. Ölkəmizdə davamlı ordu quruculuğu prosesi gedir və silahlı qüvvələrimizin döyüş qabiliyyəti yüksəlir. Bütün bunlar sülh üçün aparılan islahatlardır.

Səlahiyyətli nümayəndə şəhidlərin hər birinin xatirəsini bir daha yad edib, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərə və müharibə veteranlarına cansağlığı arzulayıb, dövlətimizin bu kateqoriyadan olan ailələrə dəstəyinin davamlı olacağını bildirib.

Tədbirdə şəhid mayor Elbrus Əhmədovun atası Səmrəddin Əhmədov və şəhid baş leytenant Zülfü Rzayevin anası Mehparə Rzayeva çıxış edərək Azərbaycanı yenidən bütövləşdirib dünyaya tanıdan övladlarının xatirəsini fəxarət dolu hisslərlə dilə gətirib, onlarla daim birlikdə olan dövlətimizlə və xalqımızla qürur duyduqlarını vurğulayıb, davamlı anım tədbirlərinin təşkil olnmasına görə təşəkkür ediblər.

Sonda Naxçıvan Dövlət Universitetinin tələbə teatr studiyası və “Belkanto” vokal qrupunun birgə hazırladığı şəhidlərin xatirəsinə həsr edilmiş bədii kompozisiya təqdim olunub.

Nəşr edilib : 29.05.2024 18:08