AZ EN RU

Naxçıvanda Çillə mərasimləri qeyd olunur

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə – çillərə bölünür. Çillə, əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Qış fəsli xalq təqviminə uyğun olaraq,  “Çillə” adı ilə üç yerə bölünüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir.

Bu sözləri müsahibəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru,dosent Aytən Cəfərova deyib.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı bildirib ki, Böyük Çillə dekabr ayının 20-də daxil olur. Hava əvvəldən düşünülən kimi elə də soyuq keçmir. Çillənin daxil olması 20-si axşama təsadüf edir. İnsanlar Çilləni xoş qarşılamaq üçün müxtəlif ayin və rituallar həyata keçirirlər. Evlərdə qovurğa qovrulur, süfrələr müxtəlif nemətlərlə bəzədilir. Növbənöv şirniyyatlarla bəzənmiş süfrələrdə qarpızın olması artıq mütləq məqama çevrilib. Qeyd edək ki, bu şirniyyatları evlərdə qadınlar özləri hazırlayarlar. Çillə gecəsində hər evdə çillə qarpızının kəsilməsi Naxçıvan Muxtar Respublikanın ənənəvi mərasimlərindəndir. Çillə qarpızının sakral, yəni müqəddəs tərəflərindən biri də odur ki, bu qarpızı ailənin hər bir üzvü dadmalıdır. Hətta nişanlı qız və ya oğlan evlərinə də Çillə qarpızı xonçalarda aparılar. Çillə qarpızının aparıldığı nişanlı qız evində qarpızın yarısı kəsilərək yenidən oğlan evinə göndərilər. Təzə ailə quran gəlinlərin evinə valideynləri tərəfindən də Çillə qarpızının olduğu xonça aparılar. Bu adət, əsasən, Naxçıvanın ərazilərində müşahidə olunur. Çillə qarpızının, mövsümdən sözügedən günədək saxlanmasının da özünəməxsus texnologiyası vardır. Belə ki, onu samanın içərisində sərin yerdə saxlayarlar. Üstünün cızılmamasına, çatlamamasına nəzarət edərlər. Zamanında – 20 dekabr axşamında qarpızın süfrədə olması ev əhlini sevindirər. Çillə qarpızının yer aldığı xonçada onun ətrafına mövsümi meyvələrdən də düzülər. Bəzi regionlarda narın da süfrədə olması məqsədəuyğun hesab edilir.

Çillə qarpızının aparıldığı nişanlı qız evində şənlik, coşqu başlayar. Bir xalq bayatısında deyildiyi kimi:

Bu qarpız, çillə qarpız,

Düşübdü dilə qarpız.

Düzülüb xonçalara,

Gedir yar gilə qarpız.

Filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova vurğulayıb ki, Çillə gecəsinin məşhur atributu olaraq məhz qarpız kəsilməsinin də sakral tərəfləri mövcuddur. Bu sakrallıq qarpızın üstünün və içinin rənglərində təcəssüm edir. Qara qışdan, onun vuracağı ziyandan ehtiyat edən qədim insan önləyici tədbirlər məqsədilə keçirtdiyi ayinlərdə müxtəlif atributlardan, simvolik əşya və meyvələrdən də istifadə etmişdir. Qarpızın yaşıl və qırmızı rənglərin məcmusundan ibarət olması onun bu mərasim üçün uyğun olduğunu şərtləndirmiş və qədim insan da bu rənglərlə Tanrıdan canlı təbiət, istilik, od arzu etmişdir. Məlum olduğu qədər, günəşin yerdəki simvolu olan od, ocağın da atributu qırmızı rəngdir. Qırmızı rəngin həm də şər qüvvələrdən, bəd ruhlardan qoruma funksiyası da mövcuddur.

Aytən Cəfərova bildirib ki, Çillə mərasimini lap qədimdən Qərbi Azərbaycanın mahal və ellərinin əhalisi də coşqu ilə qeyd ediblər. Bu gün  də Azərbaycanın müxtəlif məkanlarında, o cümlədən Naxçıvan MR ərazilərində məskunlaşmış qərbi azərbaycanlılar çillənin gəlişini böyük şövqlə qeyd etməkdədirlər. Qovut, əyirdək, qaysava, xəşil kimi mətbəx örnəkləri Qərbi Azərbaycan əhalisinin çillə süfrəsinin bəzəyidir. Təbiidir ki, çillə qarpızının  süfrənin şahı mövqeyində olmağı burada da müşahidə olunur.  Günün özəlliyini ifadə edən ayin və rituallar içərisində qovutla bağlı icra olunan mərasim günümüzdə də icra olunur. Belə ki, gənc qız və oğlanlar evdə hazırlanmış qovutdan bir hissə götürüb evin damına qoyarlar. İnanılar ki, həmin qovutu qarğa götürüb aparacaq və hansısa evin damına salacaq. O zaman niyyət sahibinin qisməti həmin evdədir. Bu ayin məhz çillə gecəsində icra olunar. Belə mərasimlərin icrası Qərbi Azərbaycan əhalisinin  qədim və köklü dünyagörüşə malik olduğunu bir daha təsdiq edir.         

Filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova deyib: “Biz inanırıq ki, növbəti Çillə mərasimlərimizi Qərbi Azərbaycanın mahal və ellərində qeyd edəcəyik. Çilləniz mübarək, əziz xalqımız”!

Nəşr edilib : 20.12.2023 15:23