AZ EN RU

Naxçıvanda Çanaqqala zəfərinin 108-ci ildönümü qeyd edilib - FOTOLAR

    Çanaqqala zəfərinin 108-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının xarici əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Türkiyə ordusunun zabitləri, ictimaiyyət və media nümayəndələri, türkiyəli tələbələr  iştirak ediblər. Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub, Şəhidlər xiyabanı ziyarət edilib, “Ana” abidəsinin qarşısına və şəhidlərimizin məzarlarına tər güllər düzüblər. 
    Türkiyənin Naxçıvandakı Baş konsulluğunda davam edən tədbirdə hər iki ölkənin şəhidləri, zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib. Müqəddəs “QuraniKərim”dən ayələr oxunub, şeirlər qiraət edilib. Sonra Çanaqqala zəfərinə və Türkiyə Respublikasında baş verən zəlzələ sonrası Naxçıvan ictimaiyyətinin yardım aksiyalarına həsr olunmuş videoçarx nümayiş edilib.
    Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi, xalqımızın, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuzdur. Tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 108 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya bəyan edib. Türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən bu döyüş Mustafa Kamal Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaratmışdır, bu savaşın ümumxalq mübarizəsi olduğunu bir daha təsdiqləmişdir. 
    Qeyd edilib ki, Azərbaycanın Vətən müharibəsindəki haqlı qələbəsi Türkiyə Respublikasında da böyük coşqu ilə qarşılandı. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz mənəvi dəstəyini göstərdi, həmçinin fevral ayının əvvəllərində Vətənimizdə baş verən təbii fəlakətdə Azərbaycan xalqı əlindən gələn bütün yardımı göstərməklə tarixi qardaşlığı, birlik və həmrəyliyi bir daha dünyaya tanıtdı.
    Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya “Şərq qapısı” qəzetinə  müsahibəsində deyib: “Çanaqqala şəhidlərinin göstərdiyi tarixi qəhrəmanlıq unudulmazdır, bu zəfərin türk tarixində ayrı bir yeri var. Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı, 3 minə yaxın azərbaycanlı da şəhid olub. Çanaqqalıya gələrək orada könüllü döyüşən və şəhid düşən Azərbaycan türklərinin xatirəsi daim qəlbimizdədir.
    Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət iki dövlət” ideyasına sadiq qalan Azərbaycan və Türkiyə qardaşlığı sarsılmaz və əbədi təməllər üzərində qurulub. Azərbaycan Respublikasının haqq-ədalət mübarizəsi kimi tarixə yazılan 44 günlük Qarabağ savaşında da Vətənimiz bir an belə olsun nəzərini azərbaycanlı qardaşlarımızın üzərindən çəkmədi. Nəticədə, bu birlik və bərabərlik hər iki ölkəni daha da qüdrətləndirdi”. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 18.03.2023 14:02