AZ EN RU

Naxçıvanda bu ilin birinci yarısında 5 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, yanvar-iyun ayları ərzində muxtar respublika üzrə 4 min 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur. Ümumi göstəricinin 1700-ü və ya 35%-i ilkin,   3 min 169-u və ya 65%-i təkrar qeydiyyatın payına düşüb.

I yarımil ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərindən 1963-ü fərdi yaşayış evi, 1602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşayış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Əmlakların 2187-si və ya 45%-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Bəhs olunan dövrdə 3 min 632 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki göstəricidən 42,7% çoxdur. 1697 əmlaka dair texniki pasport, 1935 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 

Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 2 min 424 aryış verilib, 1690 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsi ilə real vaxt rejimində notariat ofislərinə təqdim edilib.

2023-cü ilin birinci yarısında qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artaraq 534-ə çatıb.

Nəşr edilib : 26.07.2023 10:34