AZ EN RU

Naxçıvanda bir qrup keçmiş inşaatçı Daxili İşlər Nazirliyinə müraciət edib

    Naxçıvan şəhərində tikinti sektorunda çalışmış və sonradan ixtisara düşmüş bir qrup işçi işdən çıxarılmaları və əməkhaqlarının verilməməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. 
  Onlar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov tərəfindən qəbul edilib.
   Daxili İşlər Nazirliyinin qarşısına toplaşan keçmiş inşaatçılar bildiriblər ki, 3 ildən artıqdır, sözügedən problemləri ilə bağlı aidiyyəti qurumlara müraciət edirlər. Lakin onların şikayətlərinə baxılmayıb və onlara yeni işlə təmin olunacaqları ilə bağlı yalan vədlər verilib. Etirazçılar iddia edirlər ki, Maliyyə Nazirliyi tərəfindən onlara ayrılan əməkhaqqı mənimsənilib, işsizlikdən sığorta fondundan da heç bir ödəniş edilməyib.
    Daxili işlər naziri inşaatçıları qəbul edib və onların problemlərinin tezliklə həll ediləcəyini bildirib.
    Qeyd edək ki, gün ərzində inşaatçılarla yanaşı, şikayəti olan digər sakinlər də qəbul edilib və onların müraciətinə baxılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.01.2023 22:57