AZ EN RU

Naxçıvanda bir ilk: vətəndaşlar “Onlayn həkim qeydiyyatı” xidmətindən istifadə edəcəklər

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublikada ilk dəfə olaraq “Onlayn həkim qeydiyyatı” xidmətinin təqdimat tədbiri keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov muxtar respublika səhiyyəsində aparılan əsaslı islahatlardan və səhiyyənin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu gün Naxçıvan səhiyyə sistemində həyata keçirilən tədbirlər əhalinin sağlamlığının təmin olunmasına verilən dəyərin və göstərilən qayğının bariz nümunəsidir.
    Diqqətə çatdırılıb ki, müasir dövrdə telekommunikasiya və informasiya texnologiyalarının inkişafı bütün sahələrdə xidmətlərin hamı üçün əlçatan və daha rahat əldə edilməsi, vaxta qənaət, operativlik və digər üstünlükləri ilə əhalinin rifahının yüksəlməsinə səbəb olur. Bu gün muxtar respublika səhiyyəsində də elektronlaşmanın tətbiqi, elektron səhiyyə proqramlarının işlənib reallaşdırılması kimi mühüm bir layihənin həyata keçirilməsi pasiyentlərin məmnunluğu ilə nəticələnən səhiyyə sisteminin formalaşması üçün bir addımdır. Layihə çərçivəsində həyata keçirilən tədbirlər vətəndaşları yormadan, həmçinin bu günə kimi ixtisaslı həkimlərin qəbuluna yazılmaq üçün itirdikləri vaxta qənaət edərək həkimin qəbulunda lazımi tibbi xidmətdən istifadə etmək fürsətini yaradacaq.  
    Vurğulanıb ki, yaxın gələcəkdə tibbi xidmətlər sırasına daxil olacaq SMS xidmət sistemi vətəndaşların gözləntilərinə və tələblərinə uyğun şəkildə müayinələrlə bağlı məlumatları mobil tətbiqlər vasitəsilə əldə etməyə imkan verəcək. Hazırda bu sistemin tətbiqi üçün əhalini məlumatlarla təmin edən yeniliklər üzərində işlənilir. Əsas məqsədlərdən biri həkimlərin pasiyentlərlə canlı təmaslarının minimuma endirilməsi, hər bir pasiyentin əziyyət çəkib xəstəxanalara üz tutmadan da lazımi məlumatları əldə etməsinə nail olmaqdır.
    Sonra onlayn qeydiyyatın aparılması ilə bağlı slayd təqdim edilib. Məlumat verilib ki, artıq Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin həkim qeydiyyatı bundan sonra onlayn şəkildə həyata keçiriləcək və əhaliyə tibbi müayinə raporları elektron şəkildə təqdim ediləcək. Belə ki, vətəndaşlar müvafiq tibbi xidmətdən istifadə etmək üçün telefon vasitəsilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin internet saytında yaradılmış “Həkim qeydiyyatı” bölməsinə daxil olaraq kimlik nömrəsi və doğum tarixini qeyd edərək istədiyi ixtisas həkimin qeydiyyatına yazıla biləcək. Qeydiyyata yazılmaq üçün hər bir həkimin qəbul saatları sistemdə qeyd edildiyindən, vətəndaş uyğun tarixi və saatı seçməlidir. Bu zaman sms bildiriş vasitəsilə məlumat daxil olacaq ki, həkimlə görüş təyin ediləcək. Təyin edilən vaxtdan 15 dəqiqə öncə vətəndaş Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qeydiyyat şöbəsinə yaxınlaşaraq özünü təqdim etməklə həkim qəbulu üçün nömrə əldə edəcək. Həkim müayinəsi bitdikdən sonra vətəndaş müalicə və müayinələrin, eləcə də analizlərin nəticələrini onlayn əldə edə biləcək. 
    Qeyd edək ki, “Onlayn həkim qeydiyyatı” xidməti gələcəkdə muxtar respublikanın digər tibb müəssisələrində də tətbiq ediləcəkdir. Yeni xidmətin tətbiqi həkimlərin işinin asanlaşmasının təmin olunması ilə yanaşı, saatlarla növbə gözləyən vətəndaşların vaxt itirmədən rahat şəkildə həkim qəbulunda iştirakına xidmət edir. Bu isə həkimlə vətəndaşlar arasında qarşılıqlı etimadı artırmaq, vətəndaş məmnunluğunu yüksəltmək, bütün tərəflər üçün sağlamlığın yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.06.2023 16:29