AZ EN RU

Naxçıvanda Beynəlxalq Teatr Günü qeyd olunub

    Bu münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi, Xalq artisti Kamran Quliyev çıxış edərək bildirib ki, Beynəlxalq Teatr Günü Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. 
    Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur. Ölkə başçısı cənab İlham Əliyev 2023-ci il 3 fevral tarixli “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu il həm də Naxçıvan teatrının 140 illik yubileyi ilə əlamətdardır.
    Qeyd edilib ki, “Heydər Əliyev İli”ndə Naxçıvan Dövlət Milli Dram Teatrı Ulu Öndərə həsr olunmuş “Xilaskar”, teatrın yubileyinə həsr olunmuş “Lənkəran xanının vəzirinin sərgüzəştləri” və “Cibimizdəki dəlilik” tamaşaları ilə repertuarını zənginləşdirəcək.
    Tədbirin bədii hissəsində N.V.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
    Qeyd edək ki, Naxçıvan teatrında ilk dəfə 1927-ci ildə səhnələşdirilən tamaşa 2021-ci ildə yenidən repertuara salınıb. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Səhnə əsərində Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov və digər aktyorlar maraqlı obrazlarla tamaşaçı qarşısına çıxıblar.
    Tamaşa alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.03.2023 19:26