AZ EN RU

Naxçıvanda Beynəlxalq Rəqs Günü qeyd olunub

Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert keçirilib. Tədbir iştirakçıları əvvəlcə sarayın foyesində rəqs kollektivlərinin üzvlərinin təqdim edəcəkləri rəqslərlə bağlı məlumatlar və “SEVİNC- Milli Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan, dünyanın bır sıra  xalqlarının milli geyimlərinin yer aldığı sərgi ilə tanış olublar.
Konsert başlamazdan əvvəl çıxış edən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin xoreoqrafiya ixtisası üzrə müəllimi, layihənin rəhbəri Fatimə Kazımova əlamətdar günün tarixi və ölkəmizdə rəqs sənətinin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Qeyd olunub ki, ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etmək məqsədi ilə yaranan Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qədim  Qobustan, Gəmiqaya təsvirləri xalqımızın çoxəsrlik rəqs mədəniyyətinin formalaşmasından xəbər verir. Vurğulanıb ki, mədəniyyətimizin digər sahələri kimi rəqslərimizin də dünya səviyyəsində qorunması, tanıdılması diqqətdə saxlanılır. 
     Sonra rəngarəng rəqs nömrələri təqdim olunub. Tamaşaçıları ilk olaraq “Qorqud Ata” kompozisiyası  ilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin xoreoqrafiya kollektivləri salamlayıb. Ardından Naxçıvan Şəhər 5 nömrəli Körpələr Evi-Uşaq Bağçasının, Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin, Uşaq-Gənclər İdman Məktəbinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin,“Yeni era” Uşaq və Gənclər Teatrının rəqs  kollektivlərinin təqdim etdikləri milli və dünya ölkələrinin mədəniyyətinə aid rəqs nömrələri alqışlarla qarşılanıb.
Sonda rəqs kollektivlərinin rəhbərlərinə Mədəniyyət Nazirliyi tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.04.2024 21:05