AZ EN RU

Naxçıvanda beynəlxalq neonatoloji konfrans keçirilir

    Mayın 6-da Naxçıvan şəhərindəki “Duzdağ” hotelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Neonatal diaqnozların xəstəlik tarixçələri üzərində müzakirəsi. Yaz hesabatı 1-ci modul” adlı ikigünlük Beynəlxalq Neonatoloji Konfrans öz işinə başlayıb.  
    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Uptodate in Medicinenin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra onlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.     
    “Duzdağ” hotelində keçirilən beynəlxalq konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər. 
    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti, pediatr, konfransın ideya müəllifi və rəhbəri Şəlalə Həsənova bildirib ki, Naxçıvanda Türkiyə Neonatoloqlar Dərnəyi və Azərbaycan neonatoloqlarının iştirakı ilə keçirilən tədbir UPTODATE İN MEDİCİNE və Royal FOODS şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub.
    Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat  Gəncəyeva qonaqları salamlayıb, bildirib ki, ölkəmizdə ötən əsrin 70-ci illərində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilmiş, bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyi dövrü Naxçıvan səhiyyəsinin inkişaf mərhələsi kimi səciyyələnir. Göstərilən dövlət  qayğısının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. “Ana və uşaqların sağlamlığının qorunması  üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana  və və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, neonatoloji xidmətin daha da yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət  daha da gücləndirilib,  səhiyyə maarifi işləri günün  tələbləri səviyyəsində qurulub. 
    Nazir müavini vurğulayıb ki, konfransın keçirilməsi Naxçıvan pediatrları üçün mühüm hadisədir və şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək. Samrat Gəncəyeva beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
    Naxçıvan Muxtar Respublikası  Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova, Ankara Universiteti Tibb fakültəsinin professoru Ömər Ərdəvə, Azərbaycan Respublikası Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, uşaq cərrahiyyəsi və uşaq urologiyası uzmanı Allahverdi Musayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ümumi və laparoskopik cərrahiyyə uzmanı Azər İsmayılov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Neonatal reanimasiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin eksperti Rüstəm Hüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səhiyyənin inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bu gün ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. 
    Bildirilib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın bu qədim diyarında səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Naxçıvanda bu tədbirin keçirilməsində də əsas məqsəd  pediatrik, neonatal xəstəliklər  ilə bağlı fikir, təcrübə və ideya mübadiləsi aparmaqdan ibarətdir. 
    Sonra konfrans bölmə iclasları üzrə öz işini davam etdirib. Ankara Universiteti Tibb fakültəsinin professoru Ömər Ərdəvə, Ankara İldırım Bəyazid Universitetinin professoru Əhməd Yağmur Baş, Başakşəhər Çam və Şakura Şəhər Xəstəxanasının professor doktoru Mərih Çətinkaya məruzələr ediblər. Medera Hospitalının uşaq xəstəlikləri uzmanı, tibb üzrə fəlsəfə doktoru Əli Quliyev, Azərbaycan Tibb Universiteti Nevrologiya şöbəsinin müdiri Aytən Məmmədbəyli və Azərbaycan Tibb Universiteti Birinci uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyevanın neonatologiyanın aktual problemlərinə həsr olunan məruzələri dinlənilib. 
    Konfransda bilik və təcrübə mübadiləsi aparılıb, yenidoğulanlarda çox rast gəlinən xəstəliklərin klinik hallarının müasir müalicə üsulları barədə məlumat verilib, suallar cavablandırılıb.
    Konfrans bu gün öz işini davam etdirəcək.

Naxçıvan Muxtar Respublikası 
 Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.05.2022 22:01