AZ EN RU

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

 “YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilən bu bayram, bir qayda olaraq, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə təşkil olunur. Beynəlxalq Muzeylər Günü bu il “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir”.

Bu fikirləri 18 may tarixdə Açıq Səma Altında Muzeydə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxışı zamanı səsləndirib. Ölkəmizdə muzey işinin qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçdiyini bildirən nazir müavini vurğulayıb ki, ölkəmizdə bu sahənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsinə böyük əhəmiyyət verib.

Qeyd olunub ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahənin hüquqi bazası formalaşıb, bir sıra muzeylərimiz UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Müstəqillik illərində ölkəmizin hər bir bölgəsində olduğu kimi, muxtar diyarda da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görüldüyündən danışan Həsən Kərimov qeyd edib ki, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir, muzey fondlarının mütəmadi  zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır.

Vurğulanıb ki, 30 illik işğala son qoyub əzəli və əbədi torpaqlarımızı azad etməklə tarixi qələbəyə imza atan Azərbaycan illər boyu mənimsənilib talan edilən mədəni və tarixi irsimizin də işğalına  son qoydu.  Tarixi mədəni irsin, eləcə də muzeylərimizin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan ölkə başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın qayğısı sayəsində Qarabağda muzeylər, tarixi abidələr intibah dövrü yaşamağa başlayıb, mədəni irsimizin bərpası və mühafizəsi əsas prioritetlərdən biri olub.

   Həsən Kərimov öz tarixi dəyərlərinə bağlı, milli-mənəvi dəyərlərini sevən gəncliyin yetişdirilməsində muzeylərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, bu sahədə çalışan insanları təbrik edib, işlərində uğurlar arzulayıb.

Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev və muzeylərimiz” mövzusunda çıxışında bildirib ki, milli tarixi yaddaşın bərpasını, möhkəmlənməsini hər zaman diqqətdə saxlayan Ulu öndərin qayğısı sahəsində yüzdən çox tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilib. Ölkəmizdə Ümummilli liderin sağlığında  onun adına ilk muzey də məhz Naxçıvanda yaradılıb.

 Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, tarix  elmləri  üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar  Respublikasının Əməkdar müəllimi Məmməd Əliyev muxtar respublikada muzeyşünaslıq ixtisası üzrə kadr siyasətinin uğurla aparıldığını deyib, Naxçıvanda fəaliyyyət göstərən muzeylərdə universitetin adıçəkilən ixtisası üzrə məzun olan tələbələrinin çalışdığından qürur hissi keçirdiyini bildirib.

Tədbirin sonunda  muzeyin ekspozisiyasına baxış   keçirilib.

Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları, Nazirliyin tabeliyində olan müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Dövlət Universitetinin tələbələri iştirak edib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.05.2023 15:25