AZ EN RU

Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kursu keçirilir

    Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Badminton Federasiyası (ABF) və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi fondu və Dünya Badminton Federasiyasının (DBF) dəstəyi ilə badminton məşqçiləri üçün “Level 1” məşqçilik kurslarına start verilib.
    Naxçıvan Muxtar Respublikasında İlham Əliyev adına Olimpiya İdman Kompleksində kursun açılış mərasimi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov layihənin məqsədi barədə danışıb, müvafiq təlimlər sayəsində güclü badminton məşqçilərinin formalaşacağına və bu sahənin gələcək inkişafına olan inamını ifadə edib.
    Milli Olimpiya Komitəsinin layihələr üzrə meneceri Ceyhun Rəhmanov, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Naxçıvanda ilk dəfə olaraq “Level 1” kurslarının keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edərək məşqçilərin badminton biliklərinin təkmilləşdirilməsi və idmançıların gələcək hazırlığı baxımından layihənin böyük rola malik olduğunu vurğulayıblar.
    Kursun moderatoru – Dünya Badminton Federasiyasının eksperti, eyni zamanda Azərbaycan milli komandasının baş məşqçisi Murtuza Validarvi diqqətə çatdırıb ki, badmintonun məşqçilik təhsilindəki önəmli səviyyələrdən biri kimi “Level 1” dünyanın istənilən yerində badminton məşqçisi kimi fəaliyyət göstərməyə imkan verən tədris kursudur. Digər mərhələlərdə isə artıq milli komanda məşqçisi, təlimçi və ekspert kimi formalaşmaq mümkündür.
    Açılış mərasiminin ardınca kursa start verilib. İlk gün iştirakçılarla tanışlıq olub, onların badminton bilikləri və bu sahə ilə bağlı fikirləri yoxlanılıb, ilkin məlumatlandırıcı seminar keçirilib. İyulun 4-dək eyni məkanda hər gün nəzəri və texniki təlimlər keçiriləcək. Kurslara muxtar respublikanın  şəhər və rayonlarından olmaqla məşqçi və fiziki tərbiyə müəllimlərindən 22 nəfər qatılıb. 
    Sonda imtahanlar keçiriləcək və buna əsasən də uğur qazananlara məşqçilik sertifikatları təqdim olunacaq.
    Qeyd edək ki, bu kurs Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə hazırlanan tədbirlər planındakı ilk texniki kursdur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman 
Nazirliyinin mətbuat xidməti

*     *     *

    Təşkil edilən 10 günlük beynəlxalq lisenziyalı məşqçilik  kursu zamanı təşkilatçıların fikirlərini öyrəndik:

    Ceyhun Rəhmanov (Milli Olimpiya Komitəsinin layihələr üzrə meneceri): “Digər kurslardan fərqli olaraq bu dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmişik və kurs burada təşkil olunub. Bu bizim Azərbaycan Badminton Federasiyası ilə birgə keçirdiyimiz üçüncü texniki kursdur. Kursda 22 nəfər iştirak edir və iki hissədən ibarət olacaq. Hər bir hissədə 11 müəllim iştirak edəcək. Sonda onlar beynəlxalq sertifikatla təltif olunacaqlar. Kursda iştirak edən hər bir kəsə Milli Olimpiya Komitəsinin adından təşəkkürümü bildirir, uğurlar arzulayıram. Bununla yanaşı, federasiya Naxçıvanda özünün bir klubunu açmağı planlaşdırır və məşqçilərin də köməkliyi ilə istedadlı uşaqlar seçiləcək, Bakıya dəvət olunacaq və milli komandanın heyətinə cəlb ediləcəklər. Burada məqsəd bölgələrimizdə idmanın kütləviliyini təmin etmək, istedadlı uşaqları üzə çıxarmaqdır”.

    Ramil Hacıyev (Azərbaycan Badminton Federasiyasının baş katibi): “Azərbaycan Milli Olimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının  təşkilatçılığı və Beynəlxalq Badminton Federasiyasının dəstəyi ilə Naxçıvanda qısamüddətli məşqçilər üçün nəzərdə tutulmuş “Level 1” kursu keçirilir. Bu müddət ərzində məşqçilərə badminton idman növünün texniki və nəzəri bilikləri aşılanacaq. Məşqlərin qısamüddətli olmasına baxmayaraq, ümid edirik, məşqçilər bilik və bacarıqlarını yeniyetmə idmançılara öyrədəcək, muxtar respublikada bu növün geniş yayılmasına öz töhfələrini verəcəklər. İnanırıq ki, bu kurs Naxçıvanda badmintonun inkişafı üçün böyük bir təkan olacaq. Belə layihələrimiz muxtar respublikada gələcəkdə də davam etdiriləcək”.

    Murtuza Validarvi (Badminton üzrə Azərbaycan millisinin baş məşqçisi): “Məşqçilər üçün 10 günlük “Level 1” kursunun Naxçıvanda təşkil olunması bizim üçün sevindirici haldır. Bu, məşqçilər üçün böyük fürsətdir. Kursun nəticəsindən asılı olmayaraq, onlar gələcəkdə istedadlı uşaqların üzə çıxarılmasında böyük pay sahibi olacaqlar. Kursda iştirak edən müəllimlərin savadı, gücləri və aktivliyi diqqətdən qaçmır və onlar həvəslə bu işi görürlər. Düşünürəm ki, gələn il “Level 2” kursunu da burada elə bu müəllimlərlə keçirmək olar, çünki onların istedadı buna tam olaraq cavab verir. Məşqçilərin inkişafı üçün Badminton federasiyası əlindən gələn köməkliyi göstərəcək. Kurs zamanı məşqçilərə texnika, taktika və fiziki cəhətlər öyrədilir. Bu kurs dünyada ən əsas kurs hesab edilir. Çünki burada “Level 1”də yüksək nəticə göstərən məşqçilər növbəti il “Level 2”də iştirak edə bilərlər. Ancaq Naxçıvanda məşqçilərin istedadına baxıb deyə bilərəm ki, onlar gələn il “Level 2”də iştirak edə bilərlər. Kursun növbəti günləri meydanda olacaq – məşqçilərə ilk məşq gününün necə keçirilməsi öyrədiləcək. Bununla yanaşı, onlara əl, qol, bədən hərəkətləri, meydanda bir-bir, iki-iki oynanılan oyun qaydaları izah ediləcək”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.06.2022 21:07