AZ EN RU

Naxçıvanda Beynəlxalq Gənclər Günü ilə bağlı tədbirlərə start verilib

    Muxtar respublikada əlamətdar günün qeyd olunması ilə bağlı Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənc­lər Birliyi tərəfindən hazırlanan Tədbirlər Planına uyğun olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə muxtar respublika birinciliyinin Naxçıvan şəhəri və bölgələri əhatə edən ilk mərhələsi başa çatıb. 
    Paytaxt şəhərdə keçirilən yarışmada əvvəlcə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu və onun timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
    Gənclər Birliyinin sədri, Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov və nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxışlarında şəhidlərimizə Allahdan rəhmət diləyib, muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, onların şəxsi inkişafı və vətənpərvər ruhda formalaşdırılması istiqamətlərində görülən işlərdən bəhs ediblər. Gənclərin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafının stimullaşdırılması baxımından bu tipli bilik yarışlarının əhəmiyyətli olduğu vurğulanıb, Naxçıvanı təmsil edən komandaların uğurları ilə bağlı fikirlər səsləndirilib.  
    Çıxışların ardınca mübarizəyə start verilib. Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən “Şuşa” komandası birinci olub. Rayonlarda təşkil olunan mərhələ yarışlarının qalibləri də 9 avqust tarixdə keçiriləcək final mərhələsinə adlayıblar. 
    Qeyd edək ki, birincilikdə ilk üç yeri tutan komandalar 12 avqust tarixdə Beynəlxalq Gənclər Günü ilə bağlı həftə ərzində silsilə tədbirlər keçiriləcək, yekun tədbirdə mükafatlandırılacaqlar. 

***

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən gənclərin iştirakı ilə Heydər Əliyev Su Anbarı ətrafında təmizlik aksiyası təşkil olunub.  
    Çıxış edənlər aksiyaya qoşulanlara təşəkkür edərək Beynəlxalq Gənclər Günü ərəfəsində də gənclərin nəcib, qayğıkeş addımlarını davam etdirməsini təqdir ediblər. Bildirilib ki, könüllü fəaliyyət əsasında birləşən gənclərimiz öyrənmək və öyrətmək istəyi, qayğıkeş və vətənpərvər davranışları, aktivliyi, bir sözlə, nümunəvi addımları ilə seçilir. Onların davamlı iştirakı ilə təşkil olunan təmizlik aksiyaları təbiətə olan sevgidən, ətraf mühitə olan həssas münasibətdən irəli gəlir. Qeyd olunub ki, muxtar respublikada təbiətin mühafizəsi üçün görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
    Çıxışların ardınca 35 gəncin qoşulduğu aksiya həyata keçirilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.08.2022 20:07