AZ EN RU

Naxçıvanda Beynəlxalq Apiterapiya və Təbiət konqresi keçirilib - YENİLƏNİB

    Naxçıvan Dövlət Universitetində Qaradəniz Texniki Universiteti ilə birgə keçirilən konqres Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb. Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev hər kəsi salamlayıb, bu cür konqresə ev sahibliyi etməkdən məmnun olduğunu dilə gətirib. Rektor Türkiyə universitetləri ilə birgə aparılan beynəlxalq əməkdaşlıq məsələlərindən söhbət açıb. Bildirilib ki, müasir dövrdə qloballaşan dünyada milli-mədəniyyət, tarixi və etnik köklərin birliyi ilə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirirlər. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri olduğunu qeyd edən Elbrus İsayev  birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb, konqresin işinə uğurlar arzulayıb. 
    Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı professor-müəllim heyətini salamlayaraq türk millətinin sahib olduğu dəyərlərdən söz açıb. “Elm, texnologiya sahələrində qazandığımız uğurların təməli universitetlərdə qoyulmalıdır”, – deyən  professor bu sahədə ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırıb. Hamdullah Çuvalcı bildirib ki, artıq ötən il tibb forumunda əsası qoyulan əməkdaşlıq, bugünkü konqresdə iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır. 
    İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma çıxış edərək Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışıb. Professor ikitərəfli münasibətlərin inkişafı naminə gələcək perspektivlərindən bəhs edib. Alternativ tibb sahəsində elmi nəşrlərin əhəmiyyətli olduğunu qeyd edən rektor birgə layihələr barədə məlumat verib, gələcəkdə bu istiqamətdə elmi araşdırmalar aparmağın əhəmiyyətinə toxunub. 
      Qaradəniz Texniki Universitetinin professoru Oktay Yıldız, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov çıxışlarında Naxçıvanda bu cür konqresin təşkilindən xüsusilə razılıq ifadə ediblər. 
    Trabzon Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı ”Yüksək apiterapevtik dəyərə malik Anadolunun arı məhsulları” mövzusunda çıxışında  Türkiyədə arıçılıq texnologiyasından, son 10 ildə apiterapiya sahəsində qazanılan uğurlardan danışıb. Türkiyənin bal bioçeşidliliyi baxımından da yüksək sırada dayandığını qeyd edən professor ölkəsinin bal istehsalında dünya üzrə II olduğunu qeyd edib. Sevgi Kolaylı bu sahədə apardığı elmi təcrübələri diqqətə çatdıraraq COVID-19 xəstəliyi zamanı apiterapiya üsullarının faydalı cəhətlərindən söhbət açıb. Propolisin özəllikləri, arı südü, arı zəhəri, çiçək tozunun insan orqanizminə müalicəvi təsirləri barədə ətraflı məlumat verilib. Sevgi Kolaylı diqqətə çatdırıb ki, apardığı elmi araşdırmaların, qazandığı uğurların əsasında təcrübələri dayanır. 
    AMEA-nın Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycanda yaşayan etnik qrupların faydalı bitkilərdən istifadəsi” adlı çıxışında ilk dəfə olaraq nəsli kəsilməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi barədə məlumat verib. Alim bioekologiyasını, fitosenologiyasını və təsərrüfat əhəmiyyətini öyrəndiyi 300-ə qədər növün areal xəritəsini təqdim edib, həmçinin Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyi barədə danışıb. 
  İnteqrativ tibb – qeyri-infeksion  https://btk.az/ xroniki xəstəliklərin müalicəsi üçün XXI əsr təbabəti” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar həkim Fikriyyə İbrahimli xroniki xəstəliklərin kompleks, polietioloji müalicəsində inteqrativ tibbin rolundan danışıb. Professor Şərq və Qərb təbabətinin birləşməsindən doğan inteqrativ təbabəti gələcəyin təbabəti adlandırıb. 
    Konqresdə sonuncu çıxışı Azərbaycan Peşəkar Arıçılar Birliyinin prezidenti Elşən Məmmədov edib.
    Sonda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi xalq çalğı alətləri ansamblının, “Nuh yurdu” ritm qrupunun, Qaradəniz Texniki Universitetinin Gözəl sənətlər bölümünün ifasında gözəl musiqi nömrələri səsləndirilib. 
    Qeyd edək ki, üç gün davam edəcək konqresdə üz-üzə və onlayn olmaqla, 6 ölkədən 300-dən artıq çıxış dinləniləcək. Ən müxtəlif sahələr üzrə bölmə çıxışları elmi inkişafa öz töhfələrini verəcək.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

***

    Konqresdə “Yüksək apiterapevtik dəyərə malik Anadolu arı məhsulları” mövzusunda çıxış edən konqrensin həmsədri, professor həkim Sevgi Kolaylı: – İnanıram ki, bu konqrens gələcəkdə beynəlxalq səviyyədə daha da məşhurlaşacaq. Mən bundan 10 il əvvəl Naxçıvan şəhərində olmuşdum. Bu qədim şəhər 10 ildə tamamilə müasir və abad bir yurd yeri timsalındadır. Bura ilə əməkdaşlıq etməyin ən üstün cəhəti torpaqlarının məhsuldarlığıdır. Bu da məhsullarımızı tam təbii şəkildə ərsəyə gətirməyimizə kömək edəcək. 
    Qardaş Türkiyənin İqdır Universitetindən gələn qonaqlar arasında Burhan İldokuz: –  Son dövrlərdə yaşanan quraqlığın arılara təsir etdiyini düşünərək bir sıra təqdiqatlar apardıq və bunun da uğurlu nəticələri oldu. Burada olmağımızın başlıca məqsədi bu sektoru genişləndirməkdir. Düşünürəm ki, bu sahədə güclü tədqiqat işlərini davam etdirib, yüksək nəticələrə nail ola biləcəyik. Gələcəkdə bu sahə üzrə əsas söz sahibi haqqını əldə edib, iki qardaş ölkənin iqtisadiyyatına töhfələr verəcəyik.
    Azərbaycan Tibb Universitetində 40 ildən artıq fəaliyyət göstərən Fikriyə İbrahimli dedi ki, belə beynəlxalq konqrensin iştirakçısı olmaq mənim üçün çox xoşdur. Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvanın bu konqrensə ev sahibliyi etməsinə daha da qürurlandım. Bir həkim-terapevt olaraq gördüm ki,  hər kəs keçmişdə olan təbii müalicə üsullarına üstünlük verir. Amma bunun əsas fərqi ondan ibarətdir ki, artıq dövrümüzdə bu cür müalicə üsullarının elmi əsasları var. Biz bu əsaslara dayanaraq təbii müalicə üsulları aparırıq. Bu gün bu konqrens Türkiyə-Azərbaycan qardaşlığının bir simvoludur. Biz XXI əsrin müalicə üsulu olan apiterapiya ilə bağlı araşdırmaları davam etdirib əlaqələrimizi genişləndirəcəyik. 
    Daha bir müsahibimiz isə İqdır Universitetinin rektoru Mehmet Hakkı Alma: – Bu cür əhəmiyyətli konqresə əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Bizim Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığımız və yüzə yaxın müxtəlif birgə fəaliyyətimiz var. Bu konqres üçün isə onu deyə bilərəm ki, Naxçıvan ilə İqdırın florası çox yaxındır. Düşünürəm ki, birgə əməkdaşlığımız nəticəsində istədiyimizə müvəffəqiyyətə nail olacağıq. Çünki buna əsas verən səbəblərdən biri elə təbiətin özüdür. Konqresin xeyirli-uğurlu keçməsini diləyir, bu cür əhəmiyyətə malik olan tədbirin keçirilməsinə şərait yaratmış rektor Elbrus İsayevə təşəkkürümüzü bildiririk. 
    Konqres haqqında fikirlərini almaq üçün Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərən I Beynəlxalq Apiterapiya və Təbiət Konqresinin fəxri qonağı Qaradəniz Texnik Universitetinin rektoru, professor Həmdullah Çuvalcı ilə həmsöhbət olduq: – Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərən Qaradəniz Texnik Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında gözəl bir işə imza atıldı. Apiterapi arı məhsulları ilə müalicədir. Naxçıvan Dövlət Universitetində bu işin ilkini başladıq və ikinci dəfə Trabzon şəhərində bu cür möhtəşəm tədbir baş tutacaq. 
    Həmdullah bəy vurğulayır ki, fəaliyyət göstərdiyi universitet Türkiyənin dördüncü ali təhsil müəssisəsidir. Naxçıvan Dövlət Universiteti ilə birgə fərqli əməkdaşlıqlarını həyata keçirirlər. Bu cür əməkdaşlıq çərçivəsində, xüsusən də tibb fakültəsinin tələbələrinə əlavə olaraq praktiki təhsil verirlər. Naxçıvanda üç gün ərzində elm adamları ilə birgə arı məhsullarını, təbiətdən əldə edilən məhsulları, onların faydalarını, həmin məhsulların necə dəyərləndirəcəklərinin müzakirəsini aparacaqlar. Müsahibimiz “Bir millət, iki dövlət” kimi iki dövlət arasında olan bu cür elmi konqreslərin bir böyük əhəmiyyətə malik olmasını xüsusi vurğulayır. 
    Konqresə ev sahibliyi edən Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevdən də tədbirin gedişatı ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik. O bildirdi ki, Naxçıvan Dövlət Universitetində keçirilən  konqresdə dünyanın müxtəlif ölkələrindən 300-dən artıq məruzəçi iştirak edir. Türk dünyası ölkələrində ilk dəfədir ki, bu cür möhtəşəm səviyyədə, əhatəli apiterapiya və təbiət konqresi keçirilir. Hər il müxtəlif şəhərlərdə ölkəmizin və dünyanın müxtəlif ölkələrində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə bu konqresin keçirilməsi planlaşdırılır. Konqresin məqsədi, əlbəttə ki, bu günümüz üçün aktual olan təbabətin problemlərinin öyrənilməsini və elm adamlarını, yeni tədqiqat işi ilə məşğul olan şəxsləri bir araya gətirməkdir. Rektor xüsusi olaraq onu da vurğuladı ki, bu konqresin Naxçıvanda keçirilməsi təsadüfi deyildir. Çünki Naxçıvan florasının müxtəlifliyi, rəngarəngliyi, zənginliyi imkan verir ki, təbiətimizin bu gözəl nemətlərinin elmi şəkildə araşdırılması, eyni zamanda bu araşdırmaların dünya tədqiqatçılarının diqqətinə çatdırılması üçün fürsət əldə edək. Bu tədbir imkan verəcək ki, konqresin sonrakı sosial proqramlarında nəzərdə tutulmuş Naxçıvanın müxtəlif ərazilərində olan gəzintilər və zəngin flora ehtiyatlarının təqdimatını həyata keçirək. Bu ehtiyatlar gələcəkdə muxtar respublikamızı tanıtmağa xidmət edəcək zəngin resurs kimi yüksək qiymətə malikdir. Bu təbii resursların öyrənilməsinə yerli mütəxəssislərlə bərabər xarici mütəxəssislərin də cəlb olunması üçün konqresin böyük əhəmiyyəti var. 

  Aidə İBRAHİMOVA
Bülbül QULİYEVA

Nəşr edilib : 01.06.2023 12:02