AZ EN RU

Naxçıvanda bəstəkarlıq məktəbi böyük inkişaf yolu keçib

    Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan çox qiymətli maddi və mənəvi mədəniyyət irsinə malikdir. Bu sırada musiqi mədəniyyəti xüsusi yer tutur. XVIII yüzillikdə musiqi mədəniyyəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafda dövrünün tanınmış müğənnilərindən sayılan Səttarın böyük rolu olub. Səttar İran şahı Məmməd Mirzənin sarayında xanəndəlik etmiş, 1844-cü ildə Naxçıvana köçmüş və burada iki il yaşayıb-yaratmışdır. Bundan başqa, Süleyman xan tərəfindən Naxçıvana gətirilən, muğam sənətini dərindən bilən Molla İsmayıl, Əliş Xoşkeşinli, Kərbəlayi Baxşəlinin də musiqi sənətinin inkişafında xidmətləri az olmamışdır.

    Naxçıvan musiqi mədəniyyətinin öyrənilməsi, tədqiq olunması baxımından naxçıvanlı bəstəkar və tədqiqatçı Nazim Quliyevin “Naxçıvan musiqi mədəniyyəti tarixindən” adlı kitabından musiqi mədəniyyətinin inkişafına töhfələr vermiş şəxslər haqqında ətraflı məlumat almaq olar. XVIII əsrdə məşhur musiqiçi Muradağa Naxçıvanlının, dahi Aşıq Alının müəllimlərindən biri olan Ağ Aşıq Allahverdi Kosacanlının Naxçıvan diyarından olmaları, bu diyarda yazıb-yaratmaqları, eləcə də Naxçıvanı vəsf edən onlarca musiqi əsərlərinin yaradılması zamanın süzgəcindən keçərək bu gün də öz təravətini itirməməsi Naxçıvan musiqi mədəniyyətinin nəhəng köklü sütunları olmasından xəbər verir.
    Ağ Aşığın ölümündən sonra da (1860) Naxçıvanda və digər bölgələrdə onun davamçıları aşıq sənətinin inkişafında davamlı və məqsədyönlü işlər aparmışlar.
    Ümumiyyətlə, Naxçıvan musiqi mədəniyyətinin inkişafı digər xalqların mədəniyyəti kimi xalq şənlikləri və saray musiqisi ilə bağlı olmuşdur. Onlarca xalq mahnısı və rəqslərin Naxçıvan ərazisi, bu diyarda igidlik göstərən mərd oğul və qızların adı ilə bağlı olması, bu torpaqda bəstəkarlıq sənətinin də inkişafının göstəricisidir. Naxçıvan torpağından axıb keçən Araz çayının, Şərur düzündən axan Arpaçayın, bağlar diyarı Ordubadın, Şahbuzun, Batabatın gözəlliklərini tərənnüm edən lirik melodiyalar, Qaçaq Nəbi, onun Həcər xanımını vəsf edən, adları bizə məlum olmayan naxçıvanlılar və yaxud bu torpaqda yaşayıb-yaradan bəstəkarlardan xəbər vermirmi? İllər-qərinələr keçməsinə baxmayaraq, o mahnılar indi də öz təravətini itirməmişdir. “Naxçıvan diringisi”, “Naxçıvan”, “Ordubad”, “Şahbuz” aşıq havaları, “Çit tuman”, “Araz”, “Apardı sellər Saranı” xalq mahnıları, Şərur yallıları bu qəbildəndir. Deyilənlərə görə, “Apardı sellər Saranı” Şərurun Muğancıq-Mehrab, Muğancıq-Müslüm kənd­lərindən axan Arpaçayda qərq olmuş Sara adlı bir nakam gəlinə Kosacan kəndində yaşayan musiqiçi tərəfindən ithaf edilmişdir.

    Naxçıvanlılar musiqisevərdirlər. Və onların musiqi dəsgahı üçlük olub. Üçlüyün tərkibi tar, kaman və qavaldan ibarət olardı. Məhz bu tərkibdə 3 gün, 3 gecə toylar yola verilərdi. Təsadüfi deyil ki, mənfur qonşularımız olan ermənilər tez-tez naxçıvanlı musiqiçiləri öz şənliklərinə dəvət edərdilər. Bununla da elə o vaxtlardan bizim milli musiqimizi, mahnı və rəqslərimizi oğurlamağa başladılar. 
    Naxçıvan şəhərinin mərkəzində “Zaviyə məscidi” adlanan binada sovetlər dönəmində musiqi dərnəyi yaradılmışdı. Həmin dərnəyin tar məşğələsinə rəhmətlik Səfər Rəcəbov müəllimlik edirdi. Ağsaqqallardan, ağbirçəklərdən eşitdiyimə görə, Səfər müəllim çox yaxşı tar ifaçısı imiş. Onun tələbələrindən biri görkəmli bəstəkarımız Nəriman Məmmədov olmuşdur ki, bəstəkar onu sonralar ilk müəllimi kimi hörmətlə anaraq, xalq mahnı və rəqslərini bu müdrik insandan öyrəndiyini fəxrlə yada salırdı. Zaman gələcəkdi, Nəriman müəllimə fəxri ad veriləndə özünün ilk müəllimi – uşaq vaxtından dünya işığına həsrət qalan Səfər Rəcəbovu Naxçıvan Muxtar Respublikası Ali Sovetinə aparıb deyəcəkdi ki, əvvəl fəxri adı mənim müəllimimə verin. Bəli, bu xüsusiyyət yalnız qəlbində müəlliminə böyük hörmət bəsləyən insana xas ola bilərdi. 
     Naxçıvan bəstəkarlıq məktəbinin layiqli davamçısı olan, Azərbaycanda çox tez bir zamanda şöhrət qazanan istedadlı musiqiçi Ramiz Mirişli ilk musiqi təhsilinə kamança ifaçısı kimi başlayıb. Musiqi məktəbində oxuduğu illərdə İslam Səfərlinin sözlərinə yazdığı “Dalğalar” mahnısı onun yaradıcılığında möhkəm zəmanətlə bəstəkarlığa yol açır. 
    Böyük Hüseyn Cavidin oğlu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirən Ərtoğrol Cavid həm də Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 24 illik qısa və məşəqqətli ömründə o, gözəl musiqi əsərləri yaradıb. Fortepiano üçün yazdığı “9 variasiya”, skripka üçün yazdığı “Poema”, Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etdiyi “Sevgili yar, gəl”, “Gecə mahnısı”, skripka və fortepiano üçün adajiosu, Cəfər Cabbarlının sözlərinə “Bir sən idin, bir mən idim, bir da yamaclar” mahnısı, Nigar Rəfibəylinin sözlərinə “Eşq olsun”, Tahir Rəsizadənin sözlərinə “Sənin olaydım”, türkmən şairəsi Kəminənin sözlərinə “Leylanın vəsfi” romansları, “Şeyx Sənan”, “Məhsəti” natamam operaları, “Babəkin andı” simfonik poeması onun yaradıcılığında xüsusi yer tutur.
     Zaman keçdikcə bəstəkarlığın uğurlu inkişafı bu janra müraciət edənlərin sayını artırmağa başlayır. Onlardan Məmməd Məmmədov, Məmməd Ələkbərov, Rəşid Məmmədovun adlarını çəkə bilərik. İlk yaradıcılıqlarını teatr musiqisində sınayan bu gənc bəstəkarlar tez bir zamanda bu janra daha böyük həvəs göstəriblər. Tamaşalara yazdıqları musiqidən başqa onlar digər janrlara da müraciət etməyə başlayıblar.
    Yaradıcılığına bəstəkarlıqla başlamış görkəmli pedaqoq, Naxçıvanda truba va akkordeon siniflərinin açılmasında əvəzsiz xidmətləri olan Məmməd Məmmədovun fəaliyyəti çoxşaxəlidir. Ovaxtkı bütün dövlət tədbirlərinin keçirilməsində mühüm xidmət göstərən bu insan naxçıvanlı musiqisevərlərin yaddaşında özünə dərin iz salmışdır. 
    Naxçıvan bəstəkarlıq məktəbinin səhifələrini vərəqləyərkən bacarıqlı pedaqoq, musiqiçi və bəstəkar Məmməd Ələkbərovun adını çəkməmək olmaz. 1939-cu ildə Naxçıvanda ilk musiqi məktəbinin ilk məzunu olan Məmməd Ələkbərov 1947-ci ildə Asəf Zeynallı adına Bakı Şəhər Orta İxtisas Musiqi Məktəbinin kamança üzrə Xalq çalğı alətləri şöbəsinə daxil olur. Təhsilini başa vurub, Naxçıvana qayıtdıqdan sonra tez bir zamanda bəstəkar kimi tanınır. 
    Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan Rəşid Məmmədovun yaradıcılığı da diqqətəlayiqdir. Rəşid müəllimin musiqiyə olan böyük istəyi onu Naxçıvan şəhər uşaq musiqi məktəbinə gətirib çıxarır. Asəf Zeynallı adına Bakı Şəhər Orta İxtisas Musiqi Məktəbində Xalq çalğı alətləri şöbəsinə daxil olaraq muğam dərslərini Ağabacı Rzayeva və Əhməd Bakıxanovdan alır. Məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra bəstəkar qələmini sınayaraq “Küsmə, ay qız”, “Yağma yağış”, “Baxma, oğlan” mahnılarını yazır. Bəstəkar yaradıcılığında irihəcmli əsərlərə də müraciət edir. Onun xalq çalğı alətləri üçün yazdığı 3 hissəli süita buna misal ola bilər. O, eyni zamanda fortepiano üçün miniatürlər də bəstələmişdir.
     İnqilabdan sonra Naxçıvanda artıq professional bəstəkarlıq inkişaf etməyə başlayır. Üzeyir bəyin Naxçıvana gəlişindən və onun təşəbbüsü ilə Naxçıvan İcraiyyə Komitəsinin qərarı ilə 1937-ci ildə ilk musiqi məktəbi yaradılır. Üzeyir bəy məktəbin işinin təşkili məsələsinə həssaslıqla yanaşaraq əsas diqqəti milli musiqi alətimiz olan tar və kamançanın tədrisinə verir. Qısa müddət sonra bu sıraya fortepiano da əlavə olunur. Üzeyir bəy Naxçıvandan SSRİ Ali Sovetinə deputat seçilərkən musiqi məktəbinə piano bağışlayır. Amma təəssüflər olsun ki, bu alətin taleyi bəlli deyil. Sonralar məktəbdə tar, kamanla yanaşı, klarnet, akkordeon, skripka və fortepiano sinifləri də yaradılır.
    Zəmanəmizin məşhur dirijoru olan Niyazinin, görkəmli müğənnilər Bülbülün, Rəşid Behbudovun və digər musiqiçilərin naxçıvanlı yaradıcılıq əlaqələri həm bəstəkarlıq, həm də ifaçılıq sənətinin inkişafına böyük təkan vermiş olur. Eyni zamanda Naxçıvanda Zülfüqar Hacıbəyovun yaşayıb-yaratması və burada olan musiqi mühiti ilə Üzeyir bəyi yaxından tanış etməsi, poeziyamızın sönməz günəşi Hüseyn Cavidlə Üzeyir bəyin yaxınlığı, Cəlil Məmmədquluzadə ilə daimi yaradıcılıq əlaqələrinin olması Naxçıvanda musiqi mədəniyyətinin inkişafında mühüm əhəmiyyətə malikdir.
     Bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar İttifaqının üzvü olan bəstəkarlar və musiqişünaslar öz yaradıcı imkanlarından istifadə edərək milli musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvələri ilə çalışırlar. Prezident mükafatçısı Kamal Əhmədovun musiqinin müxtəlif janrlarında yazdığı əsərlər respublikamızın hüdudlarından kənarda da tanınır.
    Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Yaşar Xəlilov tələbəlik illərində fortepiano üçün “Prelüdlər”, “Variasiyalar”, simli alətlər üçün “Kvartet”, klarnet və fortepiano üçün “Sonata”, simfonik orkestr üçün “Simfonik poema” yazmışdır. Klarnet və fortepiano üçün yazdığı “Sonata” Azərbaycan Bəstəkarlar İttifaqının plenumunda səslənərək SSRİ Bəstəkarlar İttifaqının diplomuna layiq görülmüşdür.
      Həm teatr, həm də mahnı yaradıcılığında bəstəkar qələmini sınayan Şəmsəddin Qasımovun da mahnıları tanınmış müğənnilər tərəfindən ifa olunur. Onun “Xatirələr”, “Sənin sevgin, mənim sevgim”, “Dedin: məhəbbət hanı” mahnıları dinləyicilər tərəfindən sevilir. “Gənclik” Xalq Teatrı üçün 8 tamaşaya yazdığı musiqi ritmik quruluşu və sadə melodik dili ilə oxunaqlı və rəvandır.
      Bu gün Naxçıvan Bəstəkarlar Təşkilatında bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün böyük qayğı göstərilir. Muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün binaların inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilməsi, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazalarının gücləndirilməsi, Bəstəkarlar Təşkilatının fəaliyyətinin təmin edilməsi xeyli uğurlar qazanılmasına imkan verib. Muxtar respublika musiqiçilərinin əməyi də dövlət tərəfindən daim qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, dövlət təltiflərinə layiq görülürlər.
    Təşkilat üzvlərinin müəllif konsertlərinin təşkili də diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, Naxçıvan Musiqi Kollecində, Naxçıvan Dövlət Universitetində bəstəkarlar və musiqişünasların ustad dərsləri keçilir. Bu da belə deməyə əsas verir ki, Naxçıvan bəstəkarlıq məktəbi özünün yeni inkişaf mərhələsindədir.

Zemfira BABAYEVA
 Naxçıvan Dövlət Universitetinin 
baş müəllimi, Naxçıvan Muxtar 
Respublikasının Əməkdar müəllimi

 

​​​​​​​

Nəşr edilib : 17.08.2022 18:42