AZ EN RU

Naxçıvanda Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü qeyd edilib

    Görkəmli fırça ustası Bəhruz Kəngərlinin  anadan olmasının 131-ci ildönümü ilə bağlı tədbir keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Naxçıvan şəhərində yerləşən məzarını ziyarət etməklə başlayıb. Bəhruz Kəngərli Muzeyində davam etdirilən mərasimdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Bəhruz Kəngərlinin Azərbaycan rəssamlığına, mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Vurğulanıb ki, Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərib. Onun təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, 2002-ci ildə muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına yüksək qiymət verib. Rəssamın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il 13 aprel tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalayıb, Sərəncama əsasən görkəmli rəssamın yubileyi ölkə miqyasında geniş qeyd olunub.
    Diqqətə çatdırılıb ki, bu illər ərzində görkəm­li sənətkarın Naxçıvan şəhərində məzarüstü abidəsi qoyulub, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna və Naxçıvan şəhərindəki Rəssamlar Parkına rəssamın adı verilib, parkda rəssamın heykəli ucaldılıb, həyatı və yaradıcılığı haqqında film hazırlanıb. 2002-ci ildən fəaliyyətə başlayan Bəhruz Kəngərli Muzeyi 2013-cü ildə yenidən qurulub.
    Naxçıvanda rəssamlıq sənətinin inkişafında Bəhruz Kəngərli irsinin rolundan danışan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, yaradıcılığında milli ruh, Azərbaycançılıq ideyaları aşılayan Bəhruz Kəngərlinin doğum günü məhz Rəssamlar günü kimi qeyd olunur.
    Tədbirdə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, sənətşünas Nizami Alıyev çıxış ediblər. 
    Sonda Bəhruz Kəngərli adına Rəssamlar Parkında görkəmli rəssamın abidəsi ziyarət edilib.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.01.2023 20:05