AZ EN RU

Naxçıvanda bayram günlərində teatr müəssisələri maraqlı repertuarla tamaşaçı qarşısına çıxacaq

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət teatrları tərəfindən bayram günlərində maraqlı tamaşaların nümayişi nəzərdə tutulub.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi 1 və 2 yanvar tarixlərdə Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları”, 3 və 4 yanvar tarixlərdə isə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərləri əsasında səhnələşdirilmiş eyniadlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 1700-da başlayacaq.
    Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı kollektivi uşaqlara bayram sovqatı olaraq H.X.Andersenin “Qar Kraliçası”, Ə.Qasımovun “İnanmayaq tülkülərə”, Ə.Abbasovun “Keçinin qisası”, N.İsmayılzadənin “Ağca və Bozca” əsərləri əsasında hazırlanmış tamaşalarla 1-4 yanvar tarixlərdə hər gün saat 1000, 1200, 1400 və 1530 olmaqla balaca tamaşaçılara yeni il sevincləri bəxş edəcək. 
    Naxçıvan Dövlət Uşaq Teatrının bayram sovqatında isə N.Nəzərovanın “Mavi işıq” pyesi və Qrimm Qardaşlarının “Bremen musiqiçiləri” nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşalar yer alır. “Mavi işıq” tamaşası 1 yanvar tarixdə saat 1200 və 1400-da, 3 yanvar tarixdə isə saat 1100 və 1400-da nümayiş olunacaq. “Bremen musiqiçiləri” tamaşası 2 və 4 yanvar tarixlərdə saat 1100 və 1400-da Uşaq Teatrının səhnəsində göstəriləcək.
    Tamaşaçılarımıza bayram əhvali-ruhiyyəsi, sevinc dolu günlər, yeni ili xoş ovqatla qarşılamaq arzu edirik.

Naxçıvan Muxtar Respublikasının
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.12.2022 20:46