AZ EN RU

Naxçıvanda banklara nə qədər vəsait ayrılıb?

"Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb"
Bunu Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Naxçıvandan başlayan yol” adlı konfransda Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat nаziri Tapdıq Əliyev deyib. O, bildirib ki, bu vəsaitdən cari ilin 9 ayı ərzində Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb: "Naxçıvanda sahibkarlıq fəaliyyətinə malik olan subyektlər dövlət tərəfindən maliyyə dəstəyi alırlar ki, bu da sahibkarlar üçün xüsusi stimul mənbəyi kimi çıxış edir. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. Cari ilin 9 ayı ərzində muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 100 milyon manatdan çox kreditlər veril,ib ki, bunun 4 milyon 197 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb. Fondun kreditlərinin 3 milyon 690 min manatı sənayenin, 492 min manatı kənd təsərrüfatının, 15 min manatı isə xidmət sahələrinin inkişafına yönəldilib".

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.10.2023 12:24