AZ EN RU

Naxçıvanda Bahar festivalı keçirilir

Martın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Bahar festivalı start götürüb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri festivalda iştirak ediblər.

Festival Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin “Nağaraçalanlar” ansamblının ifası ilə start götürüb.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli çıxış edərək qeyd edib ki, bu il Azərbaycanda Novruz bayramı fərqli atmosferdə, daha yüksək əhvali-ruhiyyədə qeyd edilir. Bütöv Azərbaycanın hər bir bölgəsində, işğaldan azad olunmuş Xankəndidə, Şuşada, Xocalıda, Qarabağda bayram tonqalları qalanır. Bütün bunları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, qəhrəman övladlarımıza, qazilərə, o cümlədən şəhid ailələrinə borcluyuq.

Səlahiyyətli nümayəndə bildirib ki, Novruz yenilik deməkdir. İlin bu vədəsindən başlayaraq təbiət canlanır, cəmiyyətin bütün sahələrində yeniliklər baş verir. Naxçıvan Muxtar Respublikasını isə bu il daha böyük yeniliklər gözləyir. Naxçıvanda energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, infrastruktur quruculuğu və turizm sektorlarında mühüm yeniliklər baş verəcək, yeni turizm obyektləri və otellər qurulacaq.

Fuad Nəcəfli yenilənmə və quruculuq işlərində muxtar respublika sakinlərinə uğurlar arzulayıb, hər kəsin bayramını təbrik edib.

El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının kollektivi milli rəqslərimizdən ibarət kompozisiya təqdim edib.

Tədbir iştirakçıları muxtar respublikanın şəhər və rayon kollektivlərinin təqdim etdiyi folklor və mətbəx nümunələri ilə tanış olub, musiqi, rəqs və digər ifaları izləyiblər.

Festivalda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİAnın Naxçıvan Regional Koordinatorluğunun, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Naxçıvan Dövlət Universitetinin, “Sevinc” Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək İctimai Birliyinin, digər təşkilatların, qurumların və fiziki şəxslərin təşkil etdiyi müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi-satış da nümayiş olunub, ictimai iaşə xidməti göstərilib.

Sonda bayram tədbiri Ordubad Rayon Mədəniyyət Sarayının Novruz mərasimi ilə bağlı təqdim etdiyi folklor nümunəsi ilə başa çatıb.

Fuad Nəcəfli uşaqlarla xatirə fotoları çəkdirib, tədbir iştirakçılarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Bahar festivalı martın 24-dək davam edəcək.

Nəşr edilib : 20.03.2024 18:03