AZ EN RU

Naxçıvanda AZPROMO-nun fəaliyyət göstərməsi sahibkarlar üçün faydalı olacaq

    Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Şərq qapısı” qəzetinə müsahibə verib: – Bizim agentliyin əsas istiqamətləri ixracın genişləndirilməsi və investisiyaların cəlbidir. Agentliyimiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir. Naxçıvana səfərimizin əsas məqsədi burada fəaliyyət göstərən şirkətlərin ixracının genişləndirilməsidir. Burada əsas məsələ Naxçıvanın ixrac potensialının müəyyənləşdirilməsidir ki, hansı şirkətlər, hansı həcmdə, hansı keyfiyyətdə məhsullar istehsal  edə bilirlər. Bu istehsalın həcmi və əsas məqsədi hansı bazarlara uyğundur. Bu ilin fevral ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə İqtisadiyyat Nazirliyinin və onun tabeliyində olan qurumların nümayəndələrinin Naxçıvana səfəri zamanı bugünkü görüşün təməli qoyulmuşdu. Biz buradakı görüşlərimizdə Naxçıvanda AZPROMO-nun nümayəndəliyinin və yaxud filialının  açılması məsələsini müzakirə etdik. Düşünürəm ki, artıq bu barədə biz razılıq əldə etmişik. Bu, sahibkarlar üçün daha faydalı olacaq, ona görə ki, onlar hansısa sual və müraciətlərinə daha çevik formada cavab ala biləcəklər. Eyni zamanda bizim “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində mövcud və yeni dəstək mexanizmlərindən Naxçıvan şirkətləri də faydalanacaqlar. Geniş tərkibdə ixrac missiyasını planlayırıq. Naxçıvanda böyük­miqyaslı investisiya forumunun keçirilməsi müzakirə predmentidir. Düşünürük ki, geniş formatda  belə tədbirlərin mütəmadi təşkili Naxçıvanda fəaliyyət göstərən şirkətlərin potensialını göstərmək, eyni zamanda hələ potensialı tam araşdırılmayan digər sahələri də ortaya çıxarıb investorlara, alıcılara təqdim etmək baxımından əhəmiyyətli olacaq. 

    Naxçıvanda ixrac potensialı genişdir. Sahibkarlarla təşkil olunan görüşdə də onlar da səmimi etiraf etdilər ki, dövlət tərəfindən Naxçıvana ciddi şəkildə dəstək var. Müəyyən proseslərin genişləndirilməsinə çox böyük ehtiyac var. Burada enerji, kənd təsərrüfatı sahəsində xarici investorların fəaliyyəti təqdirəlayiqdir. Ancaq düşünürük ki, əldə olunan nəticələri dəyərləndirib fəaliyyətimizi daha da genişləndirək, Naxçıvanda  daha çox xarici, eləcə də yerli investorları görək və istehsal olunan məhsullarımızın ixracını genişləndirək. Burada əsas məsələlərdən biri də logistikanın subsidiyalaşdırılmasıdır. Düşünürük ki, logistikaya dəstək vermək lazımdır. Bu, həm Naxçıvanda istehsal olunan Azərbaycanın digər bölgələrində satılan məhsulların logistikasına, eyni zamanda da ixrac olunan məhsullara şamil oluna bilər. Düşünürəm ki, çox faydalı və nəticə yönümlü addımlar atılacaq. İnvestorların cəlbi istiqamətində qlobal investisiya forumlarında, AZPROMO və İqtisadiyyat Nazirliyi təmsil olunduğu platformalarda xüsusi Naxçıvanla bağlı sessiyaların keçirilməsi, Naxçıvanın mövcud və hələ görsənməyən potensialının araşdırılması məsələsində çox geniş dialoqun formalaşması  önəmlidir. İmkanlar mövcuddur, ancaq bunu böyük, geniş auditoriyaya açmaq lazımdır. Bu da bizim təbliğat, təşviqat işlərimizin əsas istiqamətlərindən biridir. İnvestorlar üçün potensialın  göstərilməsi, ixracatçılarımızın istehsal etdiyi məhsulların qablaşdırılmasına, dizaynına, nəticədə satışına, logistikasına dəstək olunması, eyni zamanda forumların təşkili yaxın gələcəkdə Naxçıvanda fəaliyyət göstərən biznesin genişləndirilməsinə çox böyük töhfə verəcəkdir.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 05.07.2023 17:09