AZ EN RU

Naxçıvanda Azərbaycan Gəncləri Günü geniş şəkildə qeyd olunur

Bu gün Naxçıvan Dövlət Milli Dram Teatrında 2 Fevral – Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət  nazirlikləri, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, sərhədçilər və qazilər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı tədbirdə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının birbaşa nəzarəti və qayğısı ilə gənclərlə iş, eləcə də bu sahə ilə yaxından əlaqəli olan bədən tərbiyəsi və idmanın inkişafı ölkəmizin aparıcı istiqamətləri sırasında paralel şəkildə irəliləmişdir. Qeyd olunub ki,  Azərbaycan gəncləri vətənpərvərliyi, müasirliyi, intellekti və bir çox üstün xüsusiyyəti ilə örnəkdir. Yüzminlərlə gəncimiz Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən milli qüvvəyə çevrilib. Azərbaycan gənci ölkə maraqları, Vətəni və xalqının azadlığı yolunda özünü sipər edəcək gücdədir. Biz bunun ən vacib məqamlarda şahidi olmuşuq. İndi qalib gənclərimizlə birgə “Böyük Qayıdış”a doğru irəliləyirik. Bir sözlə, bütün vacib proseslərdə gənclərimizə güvənilir, onlara etimad göstərilir. 

Muxtar respublikada dövlət gənclər siyasətinin icrası ilə bağlı görülən işlər, qazanılan nailiyyətlər barədə məlumat verən Ramil Hacı Naxçıvanda yeni formalaşdırılan müasir mühitin gənc nəslin təhsilinə, sağlamlığına və gələcək inkişafına təsir edəcəyinə əminliyini ifadə edib. Nazir çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir konsert proqramı ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirin sonunda gənclər və idman naziri Ramil Hacı, mədəniyyət naziri Natəvan Qədimova, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev filarmoniya kollektivi ilə görüşərək konsertlə bağlı təəssüratlarını bölüşüb,  peşəkar təqdimata görə təşəkkürlərini ifadə ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.02.2023 17:10