AZ EN RU

Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılışı olub

Mayın 18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib,  önünə gül dəstəsi qoyulub.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Naxçıvan ASAN xidmət” mərkəzi ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb, 2023-cü ilin may ayında inşası başa çatdırılıb. ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb. ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında yerləşir. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. ASAN xidmət” mərkəzinin ərazisində 50 avtomobil üçün parklama yeri yaradılıb. mərkəzin daxilində vətəndaşların istirahəti üçün ASAN kafe” nəzərdə tutulub.

Açılış mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlama verib:- Cənab Prezidentin tapşırığına əsasən Səlahiyyətli Nümayəndə Fuad Nəcəfli ilə birgə ASAN xidmət” mərkəzinin açılışını etdik. Naxçıvanda yaşayan sakinlərə, Azərbaycan vətəndaşlarına xeyirli-uğurlu olsun. Bu artıq ölkəmizdə açılan 26-cı ASAN xidmət” mərkəzidir. Və bu mərkəz də digər mərkəzlərimiz kimi, 360 xidmətlə Naxçıvan sakinlərinə şəffaf, operativ, nəzakətli qaydada xidmətlər göstərəcək. Ümumilikdə burada 11 nazirlik, dövlət komitəsi, eyni zamanda bank, sığorta və digər funksional xidmətlər sakinlərin xidmətində olacaq. Bu da o deməkdir ki, vətəndaş üçün tələb olunan mütləq əksəriyyət dövlət xidmətləri “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək. Ən əsası bu yeni mərkəzin açılışı həm də yeni iş yeri deməkdir. Burada  əksəriyyəti gənclərimiz olan 228 sakin işləyəcək. Eyni zamanda 45 könüllü vətəndaşlarımıza sənədlərin doldurulmasında, müxtəlif suallara cavab tapılmasında köməkliklər edəcəklər.  Və artıq burada da böyük könüllük hərəkatı başlayacaq.

Ülvi Mehdiyev onu da qeyd edib ki, Naxçıvanda açılan ölkə üzrə ilk regional ASAN xidmət” mərkəzidir. Bundan sonra artıq müraciət saylarına uyğun digər mərkəzlərin açılması müəyyənləşdiriləcək. Eyni zamanda bu il ərzində Lənkəranda ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Gələcəkdə isə işğaldan azad olunmuş ərazilərdə Cənab Prezidentin tapşırığına əsasən ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 18.05.2023 10:10