AZ EN RU

Naxçıvanda aqro festival keçirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bu gün və sabah Naxçıvanda ilk dəfə Aqro festival keçirilir. Əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət ediləcək, önünə gül dəstələri düzüləcək. Sonra “Sahil parkı”nda Aqro festivalın açılış mərasimi keçirilir, sərgi ilə tanışlıq olunub.
Festival çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir də keçiriləcək. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin inkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova və digər dövlət, hökumət nümayəndələri, rəsmi qonaqlar iştirak edəcək, çıxışlar olacaq.Tədbirdə Ulu öndərin kənd təsərrüfatında rolu ilə bağlı videoçarx izləniləcək, "Organik Naxçıvan" logosunun təqdimatı olacaq. Sonra "Orqanik Naxçıvan" məhsulları ilə bağlı animasiyalı video izləniləcək, bədii kompozisiya nümayiş etdiriləcək, foyedə orqanik məhsullara baxılacaq.
Məlumat üçün bildirək ki, Aqro festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçiriləcək. Həmçinin festivalda iri şirkətlər, aqrar yönümlü müəssisələr, Bakıdan və xaricdən qatılan mütəxəssislər də iştirak edəcək.
                             

Nail ƏSGƏROV

Nəşr edilib : 08.09.2023 08:00