AZ EN RU

Naxçıvanda antidopinqlə bağlı tədbirlər reallaşıb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri tərəfindən Antidopinq Təbliğat Proqramı çərçivəsində Naxçıvan şəhərində məşqci və idmançılar üçün maarifləndirici tədbirlər həyata keçirilib. Agentliyin təmsilçisiləri əvvəlcə "Heydər Əliyev İli" ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyinin reallaşdığı məkan - İlham Əliyev adına Olimpiya İdman Kompleksində quraşdırdıqları stend vasitəsilə maarifləndirici missiyalarını həyata keçiriblər. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və nazir müavini Məcid Seyidov AMADA-nın təbliğat stendi ilə tanış olub, prosesin icrası ilə maraqlanıblar. Bu sahədəki gələcək perspektivlər müzakirə edilib. Günün ikinci yarısında "Qoy ədalət zəfər çalsın!" şüarı ilə maarifləndirici seminar təşkil olunub. Tədbir zamanı AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva tərəfindən iştirakçılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Maarifləndirici bukletlər paylanılıb. Sual-cavab sessiyasında idmançılar antidopinq sahəsindəki biliklərini sınayıblar. Fərqlənən iştirakçılara hədiyyələr paylanılıb. Seminarda "Bədən tərbiyəsi və idman", "Məşqçilik" ixtisasları üzrə təhsil alan tələbələr də iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

Nəşr edilib : 15.04.2023 23:08