AZ EN RU

Naxçıvanda “Anam kəlağayılı bir muğamıydı...” kitabının təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Birliyin sədri Güllü Alıyevanın müəllifi olduğu “Anam kəlağayılı bir muğamıydı...” kitabının təqdimatı  keçirilib. “26 noyabr Azərbaycan Kəlağayısı Günü”nə töhfə olaraq ərsəyə gətirilən kitabda kəlağayının təbliği və tərənnümü ilə bağlı şair və yazıçılara, aşıqlara məxsus ədəbiyyat nümunələri, publisistik məqalələr toplanıb.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev nəşri milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan kəlağayının  yaşadılması və təbliği cəhətdən qiymətli bir kitab olaraq dəyərləndirib.

Sonra müəllif Güllü Alıyeva  “Anam kəlağayılı bir muğamıydı...” kitabını çap etdirməsindəki məqsədindən danışarkən vurğulayıb ki, noyabrın 26-dək ölkəmizin ayrı-ayrı bölgələrində kitabın təqdimatı və ədəbi-bədii görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Xatirə Muzeyinin baş fond mühafizi, şair, “Mirvarid Dilbazi Poeziya Məclisi”nin üzvü Sevinc Səbzəliyeva, Naxçıvan radiosunun əməkdaşı, şair Təranə Arifqızı, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulova, şair Tural Nəqşicahan kitabla bağlı fikirlərini bölüşüblər.

Çıxışların ardından tədbir bədii hissə ilə davam edib. Naxçıvan aşıqlarının, Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün və qızlardan ibarət rəqs qrupunun ifaları mərasim iştirakçılarında xoş ovqat yaradıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.11.2023 18:08