AZ EN RU

Naxçıvanda 8 ay ərzində 300-dən artıq elektron imza sertifikatı verilib

Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi muxtar respublikada uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində 1-i vətəndaş, 6-sı sahibkar, 64-ü hüquqi şəxs, 231-i dövlət qurumu olmaqla, ümumilikdə 302 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzadan bütün vətəndaşlar o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.

Nəşr edilib : 02.09.2023 12:45