AZ EN RU

Naxçıvanda 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilib

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi müxtəlif tədbirlərlə qeyd olunub. Bu münasibətlə iyunun 26-da Naxçıvan şəhərində Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında konsert proqramı təşkil edilib. Heydər Əliyev Muzeyinin qarşısında konsert proqramı ilə çıxış edən orkestr marşlardan və Vətənə həsr olunmuş mahnılardan ibarət maraqlı konsert proqramı təqdim edilib. Naxçıvan Qarnizonu Hərbi Orkestri uşaq və gənclərə vətənpərvərlik duyğuları aşılayan Yusif Axundzadənin “Azərbaycan”, Cavanşir İsgəndərovun “Xüsusi təyinatlı qüvvələr”, Abbas Quliyevin “Təntənəli parad”, Şahin Musaoğlunun “And içirik”, Zəfər Abbasovun “Əmrindəyəm Komandanım”, “Heyratı” və digər bu kimi vətənpərvər və mübariz ruhda ifa etdiyi marşlarla hərbi qulluqçular və onların ailə üzvlərinə xoş ovqat bəxş edib, tamaşaçılarda əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Bir saatdan çox davam edən konsert proqramı izləyicilər tərəfindən böyük coşqu ilə qarşılanıb. 
   Qeyd edək ki, Silahlı Qüvvələr Günü muxtar respublikamızın rayonlarında da əsl bayram təntənəsi, yüksək əhvali-ruhiyyə ilə qeyd olunub. 
    Şərur şəhərinin mərkəzində yerləşən Heydər Parkında Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə əvvəlcə ordumuzun şanlı tarixindən, onun yaradılmasından danışılıb. Vurğulanıb ki, bu gün müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən tarixiləşdirilib, 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər tarixi yazılıb, Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirib.
    Sonra rayon Mədəniyyət İdarəsinin musiqi və teatr kollektivinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub. Bayram tədbiri xoş ovqatla davam edib, tədbir iştirakçıları üçün yüksək səviyyədə iaşə xidməti də təşkil olunub.
    Culfa rayonunun Culfa şəhərində və Ləkətağ kəndində yerləşən “N” hərbi hissələrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə konsert proqramı təşkil olunub. Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” İnstrumental Ansamblının ifasında Vətənə həsr olunmuş mahnılardan ibarət maraqlı konsert proqramı hərbi qulluçulara xoş ovqat bəxş edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.06.2022 21:38