AZ EN RU

Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi - FOTOLAR

Ölkəmizin hər yerində olduğu kimi muxtar respublikamızda da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

Qeyd edək ki, tarixin bu günü günahsız 130-dan artıq dinc sakin şəhid olub, 744 nəfər yaralanıb. Bu günü qara yanvara çevirən keçmiş sovet birləşmələri, onların bu çirkin niyyətlərini icra edən ermənilər xalqımızın azadlıq amalını beşiyində boğmaq istəyirdilər. Ancaq gözünü qırpmadan ölümün üzərinə gedən bu günün qəhrəmanları Vətən uğrunda candan, qandan keçməyin müqəddəsliyini öyrətdi sonrakı nəsillərə. O gecə şəhidlik məqamına yüksələn insanların qanı bir tum misalı torpaqda göyərdi, yüzlər, minlər oldu. Şəhid olan oğulların arzularından, amallarından onların qisasını ala bilən mübariz, polad iradəli ərlər boy atdı.

Nəşr edilib : 20.01.2023 12:05