AZ EN RU

Naxçıvanda 15 iyul – Demokratiya və Milli Birlik Gününə həsr olunan tədbir keçirilib

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə hər iki ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev və digər dövlət rəsmiləri, ali təhsil, mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.

Vurğulanıb ki, dövlət çevrilişi cəhdindən artıq 7 il ötür, bu dövrdə bir sıra beynəlxalq təşkilatlar və ölkələr Türkiyənin haqq səsinə səs verərək baş verən hadisəyə düzgün münasibət göstəriblər. Azərbaycan hadisənin baş verdiyi andan öz dəstəyini qardaş ölkədən əsirgəməyib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan, hər iki ölkə liderinin apardığı uğurlu siyasət nəticəsində ölkələrimiz arasında dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsindən, birgə həyata keçirilən layihələrdən söhbət açan baş konsul qeyd edib ki, müttəfiqlik əlaqələrinin gücləndirilməsində Mustafa Kamal Atatürkün “Türk Qapısı” adlandırdığı Naxçıvanın da əvəzsiz töhfəsi vardır.

Sonra “Anadolu” agentliyinin hazırladığı “15 iyul” video-çarxı nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin rekoru Elbrus İsayev çıxış edərək bildirib ki, şəhidlərin əziz xatirəsini anmaq üçün, qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək və bu çevrilişin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır. Elbrus İsayev çıxışında ölkələrarası dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsində birgə həyata keçirilən layihələrin, iki ölkə arasında imzalanan, parlamentlər tərəfindən qəbul edilən Şuşa Bəyannaməsinin önəmindən də danışıb.

Vurğulanıb ki, 2016-ci il 15 iyulda demokratiya, insan hüquqları uğrunda mübarizəyə qalxan Türkiyə xalqı uzun əsrlərdən bəri formalaşan tarixi ənənələrinə, dövlətçiliyinə, azadlığına sahibliyin ən gözəl nümunəsini yaradıb. 1994-1995-ci illərdə Azərbaycan xalqı da birlik-bərabərlik sayəsində dövlət çevrilişinin qarşısını alaraq eyni örnəyi göstərib. Hər iki ölkə arasında təhsil sahəsində qurulan əlaqələrdən söhbət açan rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin dünya ölkələri ilə 150 protokol işi vardır ki, onun 80-dən çoxu Türkiyə ali təhsil ocaqları ilə imzalanıb.

Sonra Türkiyə Respublikası Rabitə Nazirliyinin hazırladığı 15 iyul – Demokratiya və Milli Birlik Gününün önəmindən bəhs edən video-çarx göstərilib.

Sonda Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov hər iki ölkənin şəhidlərinin ruhuna Qurani-Kərimdən surələr oxuyub.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 15.07.2023 12:51