AZ EN RU

Naxçıvanda 1 ton yararsız ət aşkar edilib

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuq kənd sakini Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilmişdir.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəşr edilib : 10.02.2024 13:57