AZ EN RU

Naxçıvanda 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olunub

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir.

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 740 nəfəri uşaqdır. Bunlardan 1909-u sağlamlıq imkanları məhdud, 65-i hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum, 55-i şəhid uşağıdır. Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası məqsədilə bu gün muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Çıxışda “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın əhəmiyyəti və icrası ilə bağlı görülən işlər barədə də məlumat verilib. 
    Qeyd olunub ki, muxtar respublikada  uşaq hüquqlarının qorunması istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilən, erkən nikaha və uşaq əməyinə cəlb olunan, təhsildən yayınan, hüquq pozan, cinayət məsuliyyətinə cəlb olunan uşaqlara rast gəlinmir.
    Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, əlamətdar gün münasibətilə uşaqları təbrik ediblər.
    Naxçıvan şəhəri üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi, “Sabahın tədqiqatçıları” layihəsinin qalibi Səmayə Rəsulova yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
    2021-2022-ci tədris ilində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahəsində fərqlənən 20 istedadlı uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
    Sonra “Müstəqillik illərindən bəhrələnən Naxçıvan uşaqları” adlı filmə baxış olub.
    Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, “Gənc Heydərçilər” dərnəyinin və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının hazırladığı mahnı və rəqs nömrələri nümayiş etdirilib.
    Tədbir çərçivəsində istedadlı uşaqların rəsm və əl işlərindən, həmçinin uşaq ədəbiyyatından ibarət sərgiyə baxış olub, uşaqlara hədiyyələr təqdim edilib.

*   *   *

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikada sosial təminat tədbirləri ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də zəruri şərait yaradılıb, bu sahədə yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində bu sahədə ardıcıl Dövlət proqramları təsdiq edilib və ötən müddət ərzində uğurla icra olunub.     

    Nazir əlavə edib ki, son dövrlərdə, şəhid və qazi övladlarının iştirakı ilə bir sıra tədbirlər və istirahət düşərgələri təşkil olunub. İl ərzində keçirilmiş 10-dan artıq tədbirdə 300-ə yaxın uşağın iştirakı təmin edilib. Bununla yanaşı, sağlamlıq imkanları məhdud istedadlı şəxslərin əmək qabiliyyətinin stimullaşdırılması məqsədilə bu qəbildən olan 27 müəllifin 500-ə yaxın əl işinin sərgi-satışı da təşkil olunub. Nazir sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev uşaqları təbrik edərək müstəqil Azərbaycanda, o cümlədən muxtar respublikada uşaqların diqqət və qayğı ilə əhatə olunmasından danışıb. 
    Çay süfrəsi ətrafında keçirilən tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud istedadlı uşaqlardan ibarət “Ümid” musiqi qrupunun və yaradıcılıq müsabiqələrində yüksək nəticələr göstərmiş sağlamlıq imkanları məhdud istedadlı uşaqların ifasında müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib. Tədbir müxtəlif əyləncəli oyunlarla və “Əyləncə Adası”nda gəzinti ilə davam etdirilib. 
    Qeyd edək ki, sonda uşaqlara sosial könüllülərin iştirakı ilə hədiyyələr də təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.06.2022 20:46