AZ EN RU

“Naxçıvanbank” ASC-nin əmanətçilərinin və digər depozitorlarının diqqətinə

“Naxçıvanbank” ASC-nin əmanətçilərinin və digər depozitorlarının diqqətinə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmiş və onun hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) lisenziya verilmişdir.

Fəaliyyət göstərdiyi dövr ərzində “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilən tələblər çərçivəsində olmuş, kapital və likvidlik mövqeyi bankın dayanıqlı fəaliyyətini dəstəkləmək və bütün kreditorları qarşısında öhdəliklərini icra etmək baxımından tam qənaətbəxş səviyyədə olmuşdur. “Naxçıvanbank” ASC-nin yenidən təşkil edilərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi bank bazarında yeni texnologiyaların tətbiqi ilə bağlı müasir çağırışların və inkişaf tələblərinin bankın səhmdarlarının fəaliyyət strategiyasına daxil olmaması səbəbindən səhmdarlar tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlmişdir.

Yenidən təşkil prosesi dövründə “Naxçıvanbank” ASC tərəfindən bankın kreditorlarının məlumatlandırılması və onlar qarşısında olan öhdəliklərin tam icrası təmin olunmuşdur. Eyni zamanda bildiririk ki, hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən bankın əmanətçi və digər depozit hesab sahiblərinin tələblərini təmin etmək məqsədilə, həmin hesablar üzrə  qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüşdür. Həmin qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. 
Məlumat üçün bildiririk ki, fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül  prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.

 “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvanbank” ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcəkdir.

Nəşr edilib : 26.07.2024 12:16