AZ EN RU

Naxçıvana quru yolu təmin olunmalıdır, əks təqdirdə…

Azərbaycan Prezidenti “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda çıxışı zamanı bir sıra maraqlı məqamlara toxundu, indiyədək ictimaiyyətə məlum olmayan bir çox məsələlərə açıqlıq gətirdi. Bu forum “COP29”  mövzusunun qlobal çağırışlara operativ yanaşma xüsusiyyətləri ilə bərabər, Avropa-Cənubi Qafqaz, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirmək baxımından da əhəmiyyətli idi. Xüsusilə dövlət başçısının son günlərdə regionda gedən bir sıra müsbətyönlü proseslərə izahedici cavablar verməsi təkcə daxili deyil, qlobal auditoriya üçün də maraqlı idi.

Dövlət başçısı çıxışında Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycandan çıxarılması, Azərbaycan-Rusiya, Azərbaycan-Avropa münasibətlərinin hazırkı vəziyyətindən bəhs etdi, Ermənistanla Azərbaycan arasında heç bir tərəf olmadan ilkin razılaşmaların və bunun da nəticəsində məlum 4 kəndin Azərbaycana qaytarılmasını ümumi prosesə töhfə kimi qiymətləndirdi. Eyni zamanda Ermənistan tərəfindən gözləntilərini də açıq mətnlə bir daha hər kəsin diqqətinə çatdırdı. Xüsusilə Zəngəzur dəhlizi məsələsinə toxunaraq üç ölkə arasında imzalanmış bəyanatın prinsiplərini bir daha xatırlatdı. Sitat: “10 noyabr Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində, pozur”. Erməni tərəfinin məqsədini açıqlayan dövlət başçısı bildirdi ki, “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat bağlantısını nəzərdə tutan Zəngəzur dəhlizi postmüharibə dövrünün ən çox müzakirə edilən mövzularından olub. Amma məsələ burasındadır ki, hər zaman bu mövzu açılanda Ermənistan tərəfi məntiqsiz olaraq bunu özünün suverenliyinə təhdid kimi görüb. Hətta bir çox hallarda daha da irəliyə gedərək Azərbaycanın qədim Zəngəzur torpaqlarını işğal etməsini qarşıya məqsəd qoduğunu bildirib. Amma hamımıza da aydındır ki, dövlət başçısının da həmin forumda bildirdiyi kimi, bizim Ermənistanın beynəlxalq hüquq tərəfindən tanınan torpaqlarında gözümüz yoxdur. Biz yalnız bizə lazım olanı alırıq. Ermənistan tərəfi isə 3 ildir bütün dünyaya haray-həşir salaraq bu işdə Azərbaycanı işğalçı kimi təqdim etməyə çalışır. Həqiqət  naminə deyək ki, Ermənistana bu işdə dəstək verənlər də az deyil. Qarşı tərəf isə çox vaxt bu illuziyalara qapılıb, güya buna heç vaxt razı olmayacaqlarını bildirirlər. Ancaq ortada bir sadə həqiqət də var: Zəngəzur dəhlizi yeni anlayış deyil. Dəhliz və ya yol, fərq etməz, bu marşurut sovetlər birliyi dövründə də mövcud olub və Ermənistan da bu yoldan kifayət qədər yararlanıb. Və üçtərəfli anlaşmaya görə, yolun bərpası sadəcə kommunikasiyaların açılması məqsədi daşıyır. Xüsusilə, Azərbaycan ərazilərindən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə əvvəllər olduğu kimi birbaşa əlaqə yaradılır. Digər tərəfdən, Ermənistan tərəfi bu yoldan istifadə edərək tamamilə nəqliyyat blokadasından çıxır: Rusiya, İran və Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsi yarada bilir, eyni zamanda sovetlər birliyi dövründən fərqli olaraq həm Qərb, həm Şərq marşurutlarına çıxış əldə edir. Paralel olaraq da Azərbaycan vasitəsi ilə Şimal-Cənub dəhlizinə qoşulmaq imkanı qazanır. Yəni, normal məntiqlə Ermənistan bunda daha çox maraqlı olmalıdır. Buna görə Prezident forumdakı çıxışında bir daha bildirdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir. Ardınca da əlavə etdi ki, “Əgər onlar bəzi səbəblərdən indi Rusiya sərhəd təhlükəsizlik qüvvələrinin olmağını istəmirlərsə, onlar bunu deməlidirlər. Lakin bir daha deyirəm, onlar bunu özləri imzalayıblar və öz imzalarına hörmət etməlidirlər. Beləliklə, aydındır ki, onlar tranzit ölkə olmaq imkanını itirəcəklər. Onlar heç vaxt tranzit ölkə olmayıblar, mən müstəqil ölkə kimi nəzərdə tuturam və heç vaxt olmayacaqlar. Çünki sülh qovşağı ilə bağlı bütün bu fərziyyələr Azərbaycan olmadan qətiyyən real deyil. Əgər düşünürlər ki, kimsə gəlib İrandan Ermənistana və Gürcüstana dəmir yolu inşa edəcək, onlar elə birini tapmalıdırlar ki, kim bilir bəlkə də hansısa səbəbə görə 5-7 milyard ABŞ dolları xərcləsin. Halbuki İran ilə Azərbaycan arasında quru əlaqəsi var, Şimal-Cənub Nəqliyyat Dəhlizi tikilir və Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsi mövcuddur. Hər halda, gələcəklərini necə planlaşdırmaq onların öz işidir”.

Bəli, gələcəklərini planlaşdırmaq onların öz işidir. Delmitasiya üzrə praktiki işlərin başlamasından sonra sırada kommunikasiyaların açılması var. Və Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaradılması üçün dəhliz məntiqini gündəlikdən çıxarmayıb. Məncə ərazilərinin 80 faizi Azərbaycan və Türkiyə ilə sərhəd olan Ermənistan artıq öz gələcəyi naminə qərar verməlidir. Çünki gələcək çox zaman gəlmir, onu gətirirlər…

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 25.04.2024 17:59