AZ EN RU

Naxçıvan “yaşıl investisiya” üçün cəlbedici məkandır

    Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Mütəxəssislərin araşdırmalarına görə, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 qiqavat təşkil edir ki, bunun da 3 min meqavatı külək, 23 min meqavatı Günəş enerjisi, 380 meqavatı isə bioenerjinin payına düşür. Bununla yanaşı, ölkə ərazisindəki dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

    Qeyd edək ki, son 10 ildə dünyada alternativ enerjinin istehsalı iki dəfədən çox artıb. Azərbaycan da bu sahədəki mövcud potensialını düzgün qiymətləndirərək “yaşıl enerji” sahəsində qabaqcıl ölkələrdən birinə çevrilməyi qarşısına vəzifə qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda “yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutub. Azərbaycanın ümumi enerji istehsalında hədəfi bərpa olunan enerji payının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.
    Vurğulamaq lazımdır ki, bu gün Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan iqtisadi rayonu da alternativ və bərpa olunan enerji mənbələri potensialı ilə diqqət çəkir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə dövlət başçısı hesabat dövründə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edərkən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı məsələyə də toxunaraq bildirmişdir ki, bu yaxınlarda muxtar respublikanın gələcək inkişafı ilə bağlı 2023-2027-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Ölkə başçısının müşavirədə səsləndirdiyi mühüm fikirlərdən biri də bu idi ki, Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi qarşıya mühüm məqsəd kimi qoyulub: “Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə “yaşıl enerji”ni ixrac edəcəyik”.
    Bu mənada, iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində xüsusi sessiyanın Naxçıvanda keçirilməsi də təsadüfi deyildi. Məhz həmin tədbirdə energetika naziri Pərviz Şahbazov Naxçıvanda 1500 MVt gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılmasının hədəfləndiyini bildirmişdir. Sessiyanın gedişində Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə Günəş Elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, Energetika Nazirliyi və Nobel Energy Management Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.
    Yeri gəlmişkən, həmin sessiyada BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Fransanın “TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut, Çinin “China Energy International GroupCo. Ltd” şirkətinin baş vitse-prezidenti Xiaodan Lin Naxçıvan və Şərqi Zəngəzurun günəş enerjisi potensialından bəhs edərək bu regionların Azərbaycanda Günəş enerjisi layihələrinin inkişafına böyük töhfə verəcəyini vurğulamışdılar. 
    Görünən odur ki, bu gün artıq Naxçıvanın “yaşıl enerji” potensialı Böyük Britaniya, Fransa, Çin kimi iqtisadi güclərin maraq dairəsindədir. Artıq bu ölkələrlə ilkin addımlar atılıb. Gələcəkdə “yaşıl enerji” bazarının digər investorları ilə də anlaşmaların olması istisna edilmir. Digər tərəfdən, Naxçıvanda azad iqtisadi zonanın yaradılması, yeni sənaye parklarının, istehsal müəssisələrinin fəaliyyətə başlaması yaxın gələcəkdə sənaye və məişət tullantılarının utilizasiyasını, iqtisadiyyatda təkrar emal anlayışını daha da zəruri edəcək ki, burada da “yaşıl investisiya”ların tətbiqinə ehtiyac yaranacaq. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 24.08.2023 19:38