AZ EN RU

Naxçıvan “yaşıl enerji” dəhlizinə çevrilir

 Azərbaycan-Türkiyə Enerji Forumunun muxtar respublikada
 keçirilməsi bunu bir daha göstərir

    İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Enerji Forumu iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Əsasən, “yaşıl enerji” konsepsiyası çərçivəsində formalaşdırılan bu platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini hədəfləyir. 2022-ci ildə Türkiyədə keçirilən forumun bu dəfə Azərbaycanda, həm də Naxçıvanda keçirilməsinin qərara alınması isə xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 28-dən başlayaraq iki gün davam edəcək bu mühüm tədbir regionun bərpa olunan enerji mənbələrini bir daha təhlil etmək, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə nail olmaq baxımından böyük rol oynayır. 

    Məlumdur ki, son illərdə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinə qoyulan investisiyaların həcmi artıb. Bunun bir səbəbi Azərbaycanın innovativ texnoloji həllərə açıq olmasıdırsa, digər səbəbi işğaldan azad edilən bölgələr də daxil omaqla, bərpa olunan enerji mənbələrinin həcminin genişlənməsidir. Təsadüfi deyil ki, Naxçıvanın enerji tranzitinə çevrilməsi II Qarabağ müharibəsindən sonra daha da aktuallaşıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mənbələrindən istehsal edilən enerjinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə və Avropaya ötürülməsi qarşıdakı iqtisadi hədəflərdən biri kimi müəyyənləşdirilib. Digər tərəfdən, muxtar respublikanın bərpa olunan enerji mənbələri ilə zəngin olması bilavasitə Naxçıvanın özünün potensial enerji dəhlizi kimi rolunu artırır. 
    Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, bu ilin iyun ayında Bakı Enerji Həftəsinin xüsusi sessiyası Naxçıvanda keçirilmişdi. Həmin tədbirdə muxtar respublikada 1500 MVt gücündə “yaşıl enerji” layihələrinin reallaşdırılacağı bildirilmişdi. Hətta  sessiyanın gedişində Energetika Nazirliyi və “Total Energies” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri la-yihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, eyni zamanda adıçəkilən nazirliklə “Nobel Energy Manage-ment” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Təsadüfi deyil ki, Naxçıvanın “yaşıl enerji” potensialının müzakirə olunduğu həmin sessiyada Böyük Britaniya, Fransa, Çin kimi inkişaf etmiş ölkələrin nümayəndələri də iştirak edirdi. Ehtimal etmək olar ki, bu forumda da muxtar respublikanın bərpa olunan enerji mənbələrindən istifadə, eləcə də “yaşıl enerji”nin toplanılması və ixracı yönündə fikir mübadiləsi aparmaq üçün yeni imkanlar yaranacaq.  Yeri gəlmişkən, Azərbaycan və Türkiyə prezidentlərinin sentyabrın 25-də Naxçıvanda görüşündə də cənab İlham Əliyev adıçəkilən forumun keçirilməsinin əhəmiyyətini vurğuladı: “Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan “yaşıl enerji” zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracı da mümkün olacaqdır”. 
    Qeyd edək ki, bu görüşdə “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” da imzalanıb. Beləliklə, növbəti enerji forumu Azərbaycan və Türkiyə arasında müvafiq sahənin daha da inkişaf etdirilməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının da  “yaşıl enerji” dəhlizi üçün əhəmiyyətini bir daha ortaya qoyur.

 Səbuhi HƏSƏNOV
 

Nəşr edilib : 27.09.2023 19:38