AZ EN RU

Naxçıvan xalçaları mədəni tariximizin inciləridir

  5 may Xalçaçı Günüdür

 Milli mədəniyyətimizdə xüsusi yer tutan, tariximizin qiymətli yadigarı, əl əməyi, göz nuru, özünəməxsus dəstxəti ilə seçilən Naxçıvan xalçaları yüz illərboyu xalqımızın təfəkkür süzgəcinin ən dəyərli nümunələri kimi bu gün də öz qiymətini saxlamaqdadır. Xalq tətbiqi sənətinin ən geniş yayılmış növü, Azərbaycan xalqının məişətində özünəməxsus yer tutmuş xalça sənəti Qarabağ, Naxçıvan, Gəncə, Təbriz və sair kimi bölgələrdə geniş yayılmışdır. Xalçaçılıq sənətinin  ən gözəl nümunələrindən olan Naxçıvan xalçaları isə bu sırada öndə gedir. Çünki toxuyanın hiss və düşüncələri, xalqımızın həyat tərzi simvollar vasitəsilə bu xalçalarda öz əksini tapmışdır. Bu sənətə muxtar respublikamızın Şahbuz, Şərur, habelə Culfa və Ordubad  rayonlarında  daha çox maraq göstərilir. Tarixi mənbələrdən də bildiyimiz kimi, IX-X əsrlərdə öz xalça və zililəri ilə məşhur olan Naxçıvan XVI əsrdə xalçaçılığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının ən yüksək mərhələsinə çatmışdır.

    Yüz illər boyunca xalçalar toxunsa da, ölkəmizdə bu sahədə çalışanların heç vaxt peşə bayramları qeyd edilməyib. Bunu nəzərə alan dövlət başçımız cənab İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin  yaradıldığı gün, yəni 5 may tarixini  Xalçaçı günü adlandırmışdır. Bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürü kimi artıq 7 ildir ki, mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur. Ölkə başçısı xalçaçılıq sənətinin  qorunub yaşadılmasının vacibliyini vurğulayaraq deyib: “…Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlərboyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir… Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir...”

    Xalçaçılığın tarixi inkişaf yolu haqqında daha geniş məlumat əldə etmək üçün üzümüzü Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyinə tuturuq. Xatırladaq ki, 2021-ci ildə Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyi muxtar respublikamızda geniş qeyd olunub. Ötən il isə haqqında bəhs edəcəyimiz mədəniyyət ocağına görkəmli professorun adı verilib. Xalçaçılıq sənətinin yaşadılmasında əvəzsiz xidmətlər göstərən alimin fəaliyyətinə Ümummilli Liderimiz  Heydər Əliyev yüksək qiymət verərək deyib: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”.

    Muzey böyüklüyü və eksponatların zənginliyi ilə göz oxşayır. 370 xalçanın mövcud olduğu bu mədəniyyət müəssisəsində ən qədim zamanlardan bu günümüzə kimi olan xalça növləri yer almaqdadır. Burada bütün xalça növlərinin xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və sair) bir çox nümunələri nümayiş etdirilir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən və öz texniki xüsusiyyətlərinə görə iki növə ayrılan xovlu və xovsuz xalçalar evlərin divar bəzəklərində, döşənməsində istifadə edilir. Muzeydə Ümummilli Lider Heydər Əliyevin portreti əks olunmuş xalça (müəllifi professor Kamil Əliyevdir) mədəniyyət ocağının ən parlaq eksponatlarından biridir. Görünüşü ilə içəri daxil olan hər kəsi özünə heyran edən nadir sənət nümunələrindən biridir bu xalça. Naxçıvan xalçalarının tarixini ən nadir eksponatlarla bizə təqdim edən bu muzeyə valeh olmamaq mümkün deyil.
    Qədimdə olduğu kimi, günümüzdə də xalçaçılıq sənətinə böyük tələbat vardır. Bu baxımdan hazırda fəaliyyətdə olan “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanış olmaq qərarına gəldik. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı olan bu istehsal müəssisəsi Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan şəhərində xalça istehsalı müəsissəsinin tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 2018-ci il 15 fevral tarixli Sərəncamına əsasən yaradılıb.1,40 hektarlıq ərazidə yerləşən 2 hissəli xalça emalatxanasından, o cümlədən yun tədarükü bölməsindən ibarət olan müəssisənin tikintisinə 2018- ci ildə start verilib və 2019-cu ilin sentyabr ayında fəaliyyətə başlayıb, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 10 may 2021-ci ildə açılış mərasimi keçirilib. 1 sentyabr 2022-ci ildə müəssisədə toxuculuq, daha sonra isə tədarük və iplik istehsalı bölmələri yaradılıb. 
    Toxuculuq bölməsinin ümumi sahəsi 2211.20 kvadratmetrdir. Burada 43 xalça toxuma dəzgahı yer alıb. Dəzgahlar müxtəlif ölçülərdədir. Tədarük bölməsinin ümumi sahəsi 1410.20 kvadratmetrdir. Bu bölmədə müxtəlif istiqamətli otaqlar, həmçinin  təmir, saxlama, yuma, qurutma, otaqları istifadəyə verilib. 
    Müəssisədə istifadə olunan avadanlıqlar Türkiyə və İtaliya ilə müqavilələr əsasında gətirilib. İstehsal gücü saatda 5 kiloqram təşkil edən İtaliya Respublikasının istehsalı olan ipəyirmə avadanlığı müasir texnologiyadır. Müəssisədə yunun yuyulması və boyanması avadanlıqlarının istehsal gücü ildə 400 ton təşkil edir.
    Müəssisədə 4 ildən çoxdur ki, çalışan Nailə Tahirova ilə həmsöhbət olduq. Müsahibim bildirdi ki, fəaliyyətə başlayan gündən 2022-ci ilin avqust ayına kimi, ümumilikdə, 287 ədəd xalça toxunaraq təhvil verilib. Toxunma zamanı istifadə etdiyimiz əriş, ipək arğac, yun üz ipi isə Bakı şəhərindən gətirilir. Toxunan xalçalar 30x40 və ya 35x45 aralığında sıxlıqla toxunulur.
    Digər həmsöhbətim Həcər Hümbətova oldu. O, iplik istehsalı bölməsinin fəaliyyəti barədə danışdı. Bildirdi ki, muxtar respublikamızda ipə olan tələbatın tam ödənilməsi üçün geniş imkanlar var. Belə ki, heyvandarlıqla məşğul olan kənd əhalisinin və sahibkarlıq subyektlərindən yunun alınması, istehsal olunması işimizi asanlaşdırır. 
    Burada gördüklərimiz bizdə belə qənaət yaratdı ki, müəssisədə çalışanlar qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərir, qədim xalçaçılıq sənətinin yaşadılmasına töhfələrini verirlər.
    Biz də onları 5 may – Xalçaçı günü münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 

Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 04.05.2023 22:25