AZ EN RU

“Naxçıvan xalçaçılıq sənəti” adlı tədbir keçirilmişdir

      Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun müəllim və bir qrup tələblərinin iştirakı ilə Naxçıvan Dövlət Xalça  Muzeyinin ekspozisiya zalında “Naxçıvan xalçaçılıq sənəti” adlı tədbir həyata keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvanşünaslıq Mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki,  Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu var.Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılmışdır.

        Qeyd olunmuşdur ki, Naxçıvan xalçaçılıq sənətinin qorunub yaşadılması, gələcək nəsillərə, çatdırılması ilə yanaşı, onun inkişafı və daha geniş arealda tanıdılması məqsədilə ardıcıl təbirlər həyata keçirilir. Naxçıvanda xalçaçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da bu tədbirlərin davamlılığını təmin edir. Eyni zamanda  9 aprel 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sənəd maddi və mədəni irsin qorunması və davamlı inkişafına dövlət qayğısının ən bariz nümunəsidir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva çıxış edərək bildirib ki, Naxçıvanda biri birindən rəngarəng palaz, cecim, kilim, xalı toxunmuşdur. Xalçalar üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar öz əksini tapıb. Xalça sənətində işlənən naxış kompozisiyalarının rəmzi mənalarını araşdıran tədqiqatçılar bu sənətdə işlənən motivlərin əski türk adət ənənələrinə dayandığın vurğuluyur. Hesab edilir ki, harda yaşamasından aslı olmayaraq türklər bunlar yaşatmaq, qoruyub saxlamaq, gələcək nəsillərə çaldırmaq üçün kodlaşdırılmışdır. Onların bir qolu olan Azərbaycan və onun tərkibindəki Naxçıvan diyarı xalçaları da əsrlər boyu təkminləşmiş, cilalanmış, müxtəlif motivli kompozisiyaları özündə yaşatmışdır. Tədbirdə Siddiqə Hacıyevanın müəllifi olduğu “Naxçıvan  xalçaları və tikmələri” adlı dərs vəsaiti Naxçıvanşünaslıq Mərkəzinə və Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilmişdir.     Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova muzeyin fəaliyyəti haqqında geniş məlumat vermiş, muzeyin ekspozisiyası ilə tanışlıq olmuşdur. 

Nəşr edilib : 08.04.2022 17:11