AZ EN RU

“Naxçıvan xalçaçılıq məktəbi və xalçalarda təbiət motivləri” mövzusunda simpozium keçirilib

May ayının 31-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi və Azərbaycanda iqlim dəyişiklikliyi ilə bağlı COP-un 29-cu konfransının keçirilməsi ilə əlaqədar olaraq tədbirlər planı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dillər Universiteti və Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Naxçıvan xalçaçılıq məktəbi və xalçalarda təbiət motivləri” mövzusunda simpozium keçirilib.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin professor heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova çıxış edərək bildirib ki, uzun illər insanlar tərəfindən müxtəlif məqsədlərlə məişət əşyası kimi istifadə olunan xalçalar sonradan xalqımızın milli sənət nümunələrindən birinə çevrilmiş, onun tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva etmişdir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilmişdir.

 Qeyd olunmuşdur ki, Azərbaycanda xalçaçılığa münasibət istər sadə insanlar, istərsə də dövlət tərəfindən həmişə qayğı ilə əhatə olunmuşdur. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi dəstək göstərmişdir.

Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti Cənab İlham Əliyevin qəbul etdiyi müvafiq hüquqi aktlara əsasən “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, “Azərxalça” ASC yaradılmış, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş, Azərbaycan Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri inşa edilmişdir. Bütün bunlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan dəstəyinin, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirilməsinin önəmli nümunəsidir.

Daha sonra Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, professor İbrahim Kazımbəyli “Azərbaycanda xalçaçılığın tarixindən, xalçaçılığın inkişafının iqlim şəraiti ilə əlaqələri”, tarix üzrə fəlsəfə doktoru, dosent Xatirə Hacıyeva “Azərbaycanda ilk xalça muzeyinin yaradılması”, tarix üzrə fəlsəfə doktoru, professor Sevdagül Əliyeva və filologiya elmləri doktoru, professor Nərgiz Seyidova “Naxçıvanda xalça istehsalı üçün mövcud şərait, iqlimlə bağlı xalçalara tələbat”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ədalət Abdiyeva “Naxçıvanda yun və boyaq istehsalının təbii şəraitə müsbət və mənfi təsiri” mövzularında, K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Naxçıvanda xalça muzeyinin yaranması”, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli “Naxçıvan xalçalarının səciyyəvi əlamətləri və xalçalarda təbiət motivləri”, K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi Xavər Məmməd “Məşhur Naxçıvan xalçaları”, Naxçıvan Xalça-iplik istehsalının baş texnoloqu Həcər Hümbətova “Müasir dövrdə Naxçıvanda iqlim şəraiti və xalça istehsalının vəziyyəti” mövzularında çıxış etmişlər.

Çıxışlarda Azərbaycanda xalçaçılığın inkişafı tarixindən, Azərbaycanda və Naxçıvanda ilk Xalça Muzeyinin yaradılmasından, xalça növlərindən geniş bəhs olunmuş, bildirilmişdir ki, uzun illər insanlar tərəfindən müxtəlif məqsədlərlə məişət əşyası kimi istifadə olunan xalçalar sonradan xalqımızın milli sənət nümunələrindən birinə çevrilmiş, onun tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva etmişdir.

Araşdırmalar göstərir ki, Azərbaycan ərazisində xalçaçılıqla hələ Tunc dövründən başlayaraq məşğul olunmuşdur. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzəldilmiş at fiqurunun üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın səthində üstünə çul salınmış şir təsviri, Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdə tapılan palaz və xalça qalıqları və digər tapıntılar bu torpaqda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunun göstəricisidir.

Azərbaycan xalçaları uzun inkişaf yolu keçmiş, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar xarici ölkələrə ixrac edilmiş, incə ornamentləri məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapmışdır.

Naxçıvan torpağında xalçaçılığın yaranması burada boyaxanaların da mövcud olmasına ehtiyac yaratmışdır. Naxçıvanda müxtəlif bölgələrdə bitən gül-çiçəkdən, ağac qabıqlarından, bitki köklərindən, qırmızı böcəyindən peşakar boyaçılar təbii rənglər almışlar ki, bu da uzun illər rəngini, əlvanlığını, parlaqlığını itirməyən xalça nümunələrinin yaranmasına səbəb olmuşdur.  Naxçıvan Muxtar Respublikasın da xalçaçılığın inkişafı və yayılması əhalinin məişət və estetikası ilə bağlı olmuşdur. Keçə , cecim, kilim, zili kimi xovlu və xovsuz xalçalardan qədim diyarın Naxçıvan, Ordubad, Şərur, Şahbuz və Culfa bölgələrində geniş istifadə edilmişdir.

Bildirilib ki, Naxçıvan xalçalarının bir fərqləndirici cəhəti də onların uzunsov toxunmasıdır. Xalçaların toxunuşunda daha çox həndəsi, antromorf, zoomorf, nəbati naxışlardan istifadə edilib. Naxçıvan xalçalarının içərisində özünəməxsus görünüşü ilə seçilən xalça nümunələrinə rast gəlmək olur. Belə xalçaların üzərində atların və dəvələrin cərgə ilə düzülərək toxunması əbədi həyatın və ömür yolunun simvolizə edilməsi kimi izah edilir. Qeyd olunmuşdur ki, xalqımızın tarixini, məişətini, mədəniyyətini zövqlə və zərif toxunmuş xalça sənəti olmadan təsəvvür etmək olmaz.

Tədbirdə vurğulanmışdır ki, Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə, xalça ustaları və peşəkar rəssamlar tərəfindən davam etdirilmiş, ənənəvi və yeni çeşnilər, ornamentlər əsasında toxunan Azərbaycan xalçaları bütün dünyada məşhurluğunu qorumuşdur.

Sonra filologiya elmləri doktoru, professor Nərgiz Seyidova öz çəkdiyi rəsm əsərini K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə etmişdir

Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Rəsm Qalereyasının və K.Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 01.06.2024 18:42