AZ EN RU

Naxçıvan və Qars alpinistlərindən növbəti təşəbbüs

    Naxçıvan alpinistləri dağa dırmanma fəaliyyətlərini davam etdirir. Bu günlərdə Hava və Ekstremal İdman Növləri Federasiyasının idarə heyəti və idmançıları Zəfər Günü münasibətilə dəniz səviyyəsindən 2415 metr yüksəklikdə olan Haçadağa dırmanıblar. Zirvəyə qalxdıqdan sonra iştirakçılar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Dövlət Himnimizi səsləndiriblər. 
    Alpinistlərimizin növbəti sınağı Türkiyənin Şərqi Anadolu Bölgəsinin Ərzurum-Qars hissəsində, Sarıkamış və Qarsın şimalında uzanan dağ sırası  – Allahu-Əkbər dağlarına olub. Federasiya idmançılarından Əli Əlizadə, Qəhrəman Kərimov və Taleh Kərimli Qars Dağçılıq və Axtarış-Qurtarma İdman Klubu Dərnəyinin rəhbəri Özfər Koçak və klub üzvləri ilə birlikdə 3120 metr yüksəkliyi olan dağın zirvəsinə qalxıblar. Bu dəfə məqsəd həm Zəfər Günü ilə bağlı şəhidlərimizin, həm də Mustafa Kamal Atatürkün xatirəsini yad etmək olub. 

Nəşr edilib : 10.11.2022 21:02