AZ EN RU

Naxçıvan və Bakı cüdoçuları birlikdə məşq edib

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində cüdoçular üçün bir günlük təlim-məşq toplantısı təşkil olunub. 
"Şərq qapısı" xəbər verir ki, "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, İdman ustası Vüqar Əliyev bir qrup tələbəsi ilə toplantıda iştirak edib, yerli məşqçilərlə birgə idmançılara yeni biliklər aşılayıb. 
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Naxçıvan Güləş Federasiyasının təşkilatçılığı reallaşan toplantının yekununda fəal idmançılara diplom təqdim olunub. Federasiyanın sədri Faiq İsgəndərov iştirakçıları salamlayaraq bu tip fəaliyyətlərin uşaq və yeniyetmə cüdoçuların inkişafında əhəmiyyətli olduğunu ifadə edib, qonaqlara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, muxtar respublikada məşqçi, hakim və idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, aid olduqları idman növlərində yeni biliklərə yiyələnməsi məqsədinə xidmət edən ənənəvi ustad dərsi, seminar, kurs və təlim-məşq toplantılarının təşkili bundan sonra da davam etdiriləcəkdir.

Nəşr edilib : 26.07.2024 16:27