AZ EN RU

“Naxçıvan” Universitetinin Elmi Kitabxanasında arzular reallığa çevrilir

        “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”, –  deyən Ümummilli Lider Heydər Əliyev cəmiyyəti mütaliəyə, elm məbədlərinin mənəvi xəzinəsi olan kitabxanalardan müntəzəm şəkildə istifadə etməyə çağırırdı. Biz hər zaman müəllimlərimizdən görmüşük ki, kitabları əllərində yox, ağuşlarında daşıyıblar. Onu hiss edərək, qoxusunu nəfəslərinə çəkərək sarı vərəqlər arasında saç ağardıb elmin, kamilliyin zirvəsinə çatıblar. Keçid dövründə kitablara maraq azalsa da, son dönəmlərdə yaradılan güclü infrastruktur, ideal kampuslu ali təhsil müəssisələri, rəngarəng kitabxanalar, kitab evləri və kitab mərkəzləri gələcəyə ümidimizi daha da artırır.

  Qürurverici haldır ki, son dövrlər kitaba və kitabxanalara maraq daha da artıb. Gənclər asudə vaxtlarını daha da səmərəli keçirmək üçün kitabxanalara üz tutur. Bəs nədir kitabxanalara tələbatın səbəbi? Təbii ki, işin düzgün qurulması, kitabsevərlərin kitab təbliğinə geniş yer verilməsi, mütaliə vərdişlərinin formalaşdırılması və qoyulan tələblər kitaba marağı daha da artırıb. Həmçinin kitablar əlçatan deyildisə də, indi elektron kitabxanalar, hibrid kitabxanalar hər yerdə mövcuddur. Bəs bu hibrid kitabxanalara giriş imkanları necə əldə olunur? Bir çox hallarda müəllif hüquqlarının qorunması məqsədilə pullu xidmət müqabilində və yaxud ali təhsil müəssisələrinin kitabxana daxilində professor-müəllim və tələbə heyəti üçün əlçatan olur. Bu səbəbdən də çox vaxt oxucular ən nüfuzlu nəşrlərdən, dərslik və dərs vəsaitlərindən, təəssüflər olsun ki, istifadə edə bilmirdi. Gərgin əmək, düzgün strategiya və tədrisyönümlü hədəfə addımlayan “Naxçıvan” Universiteti muxtar respublikada bir ilkə imza ataraq bu arzuları reallığa çevirdi.
    27 aprel 2023-cü il tarixdə “Naxçıvan” Universiteti ilə Azərbaycanın ən inkişaf etmiş universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bir çox sahələri əhatə edən müqavilənin əsas hədəflərindən biri də Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (UNEC KİM) elektron kitabxanası “Naxçıvan” Universiteti Elmi Kitabxanası daxilində professor-müəllim və tələbə heyətinin istifadəsinə verilib. 
    Bu məlumatı dəqiqləşdirmək üçün “Naxçıvan” Universiteti Elmi Kitabxanasının direktoru Emelya Süleymanova ilə görüşdük. Elə ilk sevinc təəssüratları üzündən oxunan Emelya xanım bizə bildirdi ki, bu resurslara əlçatanlıq imkan yaradacaq ki, oxucu kontingenti daha çox mənbədən istifadə edərək ixtisasa tam hakim ola bilsin, xarici mənbələrdən istifadə edərək müqayisələri nəzərdən keçirsin, təhlil və sintez vərdişlərinə yiyələnsin.
    Emelya xanım, həmçinin onu da qeyd etdi ki, yeni tədris ilindən kitabxanada oxuculara veriləcək “yox” cavablarının aradan qaldırılması üçün kitabxanaya zəruri ehtiyac olan dərslik, dərs vəsaiti və nəşrlərin alınması, həmçinin kitabxana fondunun zənginləşdirilməsi üçün lazımi tədbirlər görüləcək, günaşırı kitab müzakirələri, sərgilər, debatlar, diskussiyalar və dəyirmi masalara daha geniş yer veriləcək, tələbələrin elektron kitabxanaya giriş imkanları günün tələbinə çevriləcək.

      Bu informasiyanı daha da genişləndirərək ictimaiyyətə təqdim etmək üçün növbəti müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva ilə “WhatshApp” sosial platforması üzərindən onlayn bağlantı yaratdıq. Müsahibimiz bildirdi ki, yaxın aylarda hər iki kitabxana arasında əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulub və kitabxana sistemi ilə bağlı onlayn görüşlər keçirilib. UNEC KİM-in birbaşa girişi olduğu və abunə olduğu 1 milyona yaxın məlumat bazalarındakı resurslardan  “Naxçıvan” Universitetinin professor-müəllim və tələbə heyəti Universitet Elmi Kitabxanası daxilində hüquqi və texniki məsələlər nəzərə alınmaqla istifadə edə biləcəklər. Müsahibim bildirir ki, açıq girişi olan elektron bazalara müxtəlif mühüm resurslar daxildir. Bu resurslardan AgEcon-Kənd təsərrüfatı və iqtisadiyyata dair resursları, açıq elmi kataloqu, açıq dərslik kitabxanasını, açıq jurnalları, Birləşmiş Millətlər Kitabxanasını, Beynəlxalq Valyuta Fondunu, Dünya Fondunu, Universal Rəqəmsal Kitabxana-Milyon Kitab Kolleksiyasını, dünyanın məşhur universitetlərinin resurslarını, İKSAD Beynəlxalq Nəşriyyat Evini göstərmək olar. 
    Bu resurslara daxil olan resurslardan Elsevier | An Information Analytics Businessdən həvəslə söhbət açan müsahibim bildirdi ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş “Elsevier” dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən “Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 33 000-dən çox elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur. Eyni zamanda “Elsevier” sıralarında “ScienceDirect”, “Scopus”, “Elsevier Research Intelligence” və “Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edir. Açıq girişi olan elektron bazalara daxil olan digər resurs – 1997-ci ildə yaradılan “Hindawi” elmi, texniki və tibbi ədəbiyyatlara dair 220-dən çox açıq çıxışlı elmi jurnalın naşirlərindən biridir. 
    Adilə xanım, həmçinin onu da qeyd etdi ki, kitabxananın bir çox abunə olduğu elektron bazalar vardır ki, onların da istifadəsi texniki və hüquqi şərtlər qorunmaqla universitetin oxucu kontingentinin istifadəsinə veriləcək.
    Abunə olunan elektron bazalardan təməli 1967-ci ildə qoyulan Böyük Britaniyanın nüfuzlu “Emerald Group” nəşriyyatı eyniadlı elektron məlumat bazasında 300-dən çox elmi jurnalın tam mətni PDF və HTML formasında oxuculara təqdim olunur. Bu jurnallar kitabxanaşünaslıq, idarəetmə, marketinq, təhsil, mühəndislik, maliyyə və iqtisadiyyat, tibb, ekologiya, informatika, kibernetika və sair elm sahələrini əhatə edir. UNEC KİM-in abunə olduğu EBSCO HOST şirkəti aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. Şirkət 180 ölkənin 40-dan artıq dilində akademik nəşrləri özündə cəmləşdirir. Ümumilikdə, 20-yə yaxın istiqaməti özündə birləşdirən EBSCO məlumat bazası isə təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və sair dillərdə oxuculara təqdim edir. 
    Həmçinin EBSCO HOST elektron portalında “Naxçıvan” Universiteti Elmi Kitabxanasında professor, müəllim və tələbələrin müxtəlif elmi istiqamətlər üzrə istifadə edə biləcəyi bir neçə məşhur baza da mövcuddur. Belə ki, Academic search premier  çox-disiplinli verilənlər bazası, təxminən, 2,750 akademik rəqəmsal jurnal üçün fəal tam mətn təmin edən 3,100-dən çox jurnalı əhatə edir. Bussines source premier-Business Source Premier, sənayenin ən çox istifadə olunan iş tədqiqatları bazası olaraq tanınır və 2,300-dən çox jurnal üçün tam mətn təmin edir. GreenFILE-GreenFILE çevrili mühitə insan təsirinin bütün aspektlərini əhatə edən yaxşı araşdırılmış məlumatlar təqdim edir. Elmi, hökumət və əməkdaşlıq məqalələri olmaqla birlikdə, bu verilənlər qlobal istiləşmə, yaşıl tikinti, davamlı kənd təsərrüfatı, yenilənən enerji və daha bir çox məsələləri əhatə edir. Verilənlər bazası 1,000,000-dan çox məlumat üçün indeksləmə və izahlar təqdim edir və 15,000-dən çox məlumat üçün Açıq Giriş tam mətn təklif edir. Library, İnformation science & Technology Abstracts-(Kitabxana, Məlumat elmi və Texnologiya Abstraktları) 560-dan çox əsas jurnal, yaxın 50 prioritet jurnal və yaxın 125 seçilmiş jurnalı indeksləyir; əlavə olaraq kitablar, tədqiqat hesabatları və konfransların materialları da yer alır. Regional Bussines New-Bu verilənlər bazası, ƏBD-dəki bütün metropoliten və kənd ərazilərini əhatə edən 80-dən çox bölgəvi iş qəzetinin ən mühüm məqalələrinin təkmilləşdirilmiş tam mətnini təklif edir. eBook Collection (EBSCOhost)- Bu, universitet nəşrləri və elmi nəşriyyatlarla əməkdaşlıq edərək yaradılan və DRM (rəqabət tənzimləmə) məhdudiyyətləri olmadan müxtəlif mövzularda minlərlə başlığa giriş imkanı təklif edən, Open Access modelində olan multidisiplinli bir e-kitab kolleksiyonudur. MEDLINE- MEDLINE, Milli Tibb Kitabxanası tərəfindən yaradılan, tibb, həkimlik, dişçilik, veterinar tibb, sağlamlıq sistemləri, ön-klinik elmlər və daha bir çox sahədə etibarlı tibbi məlumat təmin edir. MEDLINE, MeSH (Tibbi Mövzuların Başlıqları) indeksasiya sistemindən istifadə edir və ağac, ağac ierarxasi, altbaşlıqlar və genişlənmə imkanları ilə 5,400-dən çox ən son tibbi jurnalın siyahısını axtarış edir. ERIC-ERIC, Təhsil Resursları Mərkəzi (Education Resource Information Center) tərəfindən təmin edilən təlim mənbələri və tədqiqatçılar üçün məlumatlara giriş imkanı yaradır.  Verilənlər bazasına daxil olan Healty Source-Consumer Edition dünyadakı kitabxanalar üçün mövcud olan ən zəngin istehlakçı sağlamlığı məlumatları kolleksiyasıdır və tibbi elmlər, qida elmləri və bəslənmə, uşaq baxımı, idman, tibb, və ümumi sağlamlıq daxil olmaqla bir çox sağlamlıq mövzuları haqqında məlumat təmin edir. Healty Source:Nursing/Academic Edition isə çoxsaylı tibbi sahələrə həsr olunmuş, elmi əsaslı, təxminən, 550 tam mətnli jurnal təmin edir. MasterFILE Premier- “MasterFILE Premier” adlı bu multidisiplinli veritabanı, hərəkətli kitabxanalara xüsusi olaraq hazırlanıb. MasterFILE Reference eBOOK Collection ebook istinad kolleksiyası geniş bir xüsusi istinad mövzularını əhatə edən zəngin bir seçkidir. Mövzular arasında bioqrafiya, tarix, karyera, yemək bişirmə, ədəbiyyat, sağlamlıq, valideynlik, şəxsi maliyyə, siyasət, memarlıq, elmi, müasir hadisələr, sosial-emosional sağlamlıq, idman və səyahət mövcuddur.
    Qeyd edək ki, ali məktəb kitabxanaları üçün onlayn istinad  sistemi olan EBSCO HOST akademik informasiya bazasına UNEC KİM-in verdiyi istifadəçi adı və şifrə vasitəsilə “Naxçıvan” Universitetinin professor, müəllim və tələbələri kitabxana daxilində istifadə edə biləcəklər. Heç şübhəsiz ki, bu da dünyanın ən son elmi yeniliklərini mənimsəməklə zəngin elmi dünyagörüşü və təcrübə qazanmaq, müxtəlif tədqiqatlarla, elmi yeniliklərlə milli elmimizin inkişafına öz töhfəsini vermək baxımından tezliklə öz müsbət nəticəsini göstərəcək. 

- Fariz  ƏHMƏDOV  

Nəşr edilib : 02.08.2023 19:06