AZ EN RU

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru vəzifəsinə yeni təyinat olub

Rza Məmmədov “Naxçıvan” Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunub.

Bu gün universitetin rektoru, dosent Anar Kazımov yeni prorektoru kollektivə təqdim edib.

Rektor bildirib ki, Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsi universitetdə yeni təsis olunub.

“Bu vəzifəyə Rza Məmmədovun təyin olunması təqdirəlayiqdir. Rza Məmmədov uzun illər bir sıra müxtəlif vəzifələrdə çalışıb, həmçinin beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir”,-  Anar Kazımov qeyd edib.

Rza Məmmədova uğurlar arzu edən Anar Kazımov yeni təyinatla universitetin Avropanın elm və təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşularaq bu sahədə səmərəli fəaliyyət göstərəcəyinə, müxtəlif beynəlxalq proqramların iştirakçısı olacağına, daha nüfuzlu beynəlxalq reytinqlərdə yer tutacağına əminliyini bildirib.

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunan Rza Məmmədov ona göstərilən etimada görə universitetin rəhbərliyinə minnətdarlığını bildirərək bu etimadı doğruldacağını və “Naxçıvan” Universitetinin regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, Rza Məmmədov 2007-2010-cu illərdə Türkiyə Anadolu Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavriat, 2011-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura səviyyəsində bitirib. 2014-cü ildə Türkiyə Eskişehir Osmangazi Universitetinin təhsil elmləri institutunun “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” ixtisası üzrə doktoranturaya daxil olub, 2018-ci ildə 29 yaşında fəlsəfə doktoru elmi dərəcəsini alıb. Paralel olaraq 2017-ci ildən Brüssel Universitetinin “Təhsil” fakültəsində müəllim vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlayıb və uzun illər bir çox müxtəlif vəzifələrdə çalışıb.

Nəşr edilib : 04.07.2023 17:51